“Barselona”ya Londonda oynamaq düşmür
19.04.2012 - 11:51
“Barselona”ya Londonda oynamaq düşmür
Çempionlar Liqasının (ÇL) son qalibi olan “Barselona”ya Londona səfər düşərli olmur. Apasport.az saytının məlumatına görə, Xosep Qvardiolanın baş məşqçisi olduğu komanda Avropanın ən nüfuzlu turnirində İngiltərə paytaxtında son 1 ildə keçirdiyi hər 2 oyunda uduzub.

Bu, ötən mövsüm 1/8 final mərhələsinin ilk oyununda, fevralın 16-da “Arsenal”a 1:2, bu dəfə ilk yarımfinal matçında “Çelsi”yə 0:1 hesablı məğlubiyyət oldu. Düzdür, onda “Barsa” 1 həftə sonra evdəki cavab matçında 3:1 hesabı ilə qalib gələrək, mərhələ adlamışdı.

Göründüyü kimi, “Barsa” 427 gündən sonra ÇL-də məğlubiyyət acısı daddı. Bununla da komandanın həmin turnirdə 16 oyunluq məğlubiyyətsiz seriyası qırıldı. Maraqlıdır ki, Qvardiolanın komandası 2 il öncə də səfərdə keçirdiyi ilk yarımfinal oyununda uduzmuşdu. O da bu ərəfədə, aprelin 20-də “İnter”ə 1:3 hesablı məğlubiyyət idi. Həmin vaxt 8 gün sonra Barselonada keçirilən cavab oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnsə də, bu, finala çıxmaq üçün yetərli olmadı. Onda Joze Mourinyonun çalışdırdığı “İnter” finalda “Bavariya”ya 2:0 hesabı ilə qalib gələrək, turnirin qalibi oldu. Yenə yarımfinalda olan “Bavariya” ilk oyunda qalib gəldiyindən (evdə “Real”a 1:0) finala çıxmağa şanslıdır. “Barselona” isə Mourinyonun məşqçi kimi ən yaxşı illərini keçmiş komandasından aldığı məğlubiyyətlə həlledici oyuna vəsiqə qazanmaq məsələsini aprelin 24-də ev matçına saxlayıb.

Digər maraqlı məqam ondadır ki, “Barsa” uduzmaqla yanaşı, qol da vura bilmədi. Bu isə son illərdə onun oyunlarında nadir hallarda baş verir. Təsadüfi deyil ki, Kataloniya təmsilçisi ÇL-də keçirdiyi son 32 oyunda yalnız 2 dəfə meydanı qolsuz tərk edib. Bunadək belə hal ötən mərhələdə “Milan”la qolsuz bərabərliklə nəticələnən səfər matçında olmuşdu.