Ssenari təkrarlandı, Adamiya antirekorda imkan vermədi
19.04.2012 - 12:52
Ssenari təkrarlandı, Adamiya antirekorda imkan vermədi
Azərbaycan kubokunun ilk yarımfinal oyunlarında ötən mövsümkü ssenari təkrarlanıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 2-ci ildir bu turnirdə yarımfinal mərhələsinin startında 2 oyuna 1 qol vurulur.

Maraqlıdır ki, “İnter” 1 il öncə də “Şəfa” stadionunda həmşəhərliləri ilə oyunda qolsuz bərabərliyə qalmışdı. Bakılıların onda rəqibi AZAL, bu dəfə isə “Neftçi” idi. “Bakı” isə ötən il ilk yarımfinal matçında “Xəzər Lənkəran”a səfərdə, bu dəfə evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzdu. 1 il öncə kosta-rikalı hücumçu Uinston Parks hazırkı komandasının qapısına yol taparaq, yarımfinalda yeganə qolun müəllifi olmuşdu. İndi isə yeganə qola keçmiş komandası ilə oyunda fərqlənən “Qarabağ”ın gürcü hücumçusu Georgi Adamiya imza atdı. Özü də 31 yaşlı legioner “Bakı” ilə oyunun 66-cı dəqiqəsində meydana daxil olaraq, 23 dəqiqə sonra öz sözünü dedi.

Adamiyanın sona 1 dəqiqə qalmış vurduğu qol olmasaydı, Azərbaycan kubokunda antirekord qeydə alınacaqdı. Belə ki, kubokun 20 illik tarixində ilk yarımfinal oyunlarında qolun vurulmamağı olmayıb. Göründüyü kimi, Georgi fərqlənməklə, həm komandasını finala bir addım da yaxınlaşdırdı, həm də kubokda antirekordun qeydə alınmağına imkan vermədi.

2005-ci ildən ölkəmizdə fasiləsiz çıxış edən Adamiya 2 dəfə Azərbaycan çempionu (“Neftçi” və “Bakı”nın heyətində) olsa da, kubokda hələ uğur qazana bilməyib. Təsadüfi deyil ki, bu turnirdə az fərqlənən gürcü futbolçu bu 7 ildə nəinki hələ Azərbaycan kubokunun sahibi olmayıb, finalda da oynamayıb. Georgi ilkə 2010-cu ilin qışından şərəfini qoruduğu “Qarabağ”la imza atmağa yaxındır.