“Xəzər Lənkəran”da da belə olmuşdu” - MÜSAHİBƏ
19.04.2012 - 13:53
“Xəzər Lənkəran”da da belə olmuşdu” - MÜSAHİBƏ
“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi

- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “İnter”lə səfərdə qolsuz heç-heçə etdiniz. Bununla bağlı nə deyə bilərsiz?
- Çətin oyun idi. Məqsədimiz qələbə qazanmaq idi. Çünki rəqib meydanında vurulan bir qol iki topa bərabərdir. Oyunu izləyənlər də razılaşar ki, qol imkanlarımız çox oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik.

- Həqiqətən də son matç Premyer Liqa çərçivəsində ötən həftə “İnter”lə keçirdiyiniz oyundan çox maraqlı idi. Həmin görüşdə azarkeşlər 3 qolun şahidi olsalar da...
- Razıyam, oyun həqiqətən də çox maraqlı keçdi. Qol epizodları da çox oldu. Hər iki komanda qələbə qazana bilərdi. Amma rəqiblə müqayisədə bizim imkanlarımız daha çox oldu. Səfərdən heç-heçə dönməyin üstünlüyü də var. Rəqibi doğma meydanda qəbul edəcəyik.

- Oyundan əvvəl müəyyən söz-söhbətlər yayılmışdı. Xüsusilə, çempionat matçından sonra “Neftçi”nin kubokda rəqibinə güzəştə gedəcəyi deyilirdi. Bəyəm, kubok “Neftçi” üçün vacib deyil?
- Belə şeylər boş söz-söhbətdir. Məqsədimiz çempionluqla yanaşı, həm də kuboku qazanmaqdır. Bu, heç vaxt mümkün olan şey deyil. Uşaqlar meydanda canlarını qoyurdular.

- Cavab qarşılaşmasında qələbə qazanacağınıza əminsiz?
- Çətin olacaq. Gücümüzü səfərbər edib, məqsədimizə nail olmaq üçün mübarizə aparacağıq. Azarkeşlərimiz qarşısında oynayacağıq. Dünənki kimi oynaya bilsək, finala yüksələcəyik.

- Yaxşı oynadığınızı dediniz. Bəs qələbə qazanmağa nə mane oldu?
- Son nöqtəni qoya bilmədik. Topa nəzarət, üstünlük tərəfimizdə idi. Hər şey istədiyimiz kimi gedirdi.

- Eyni rəqiblə qısa vaxt ərzində təkrar qarşılaşmaq darıxdırıcı deyil?
- Elə deməzdim. Əksinə, tez-tez oynamaqla rəqibi təhlil edir, onu əzbərləyirik. Sonradan bu işimizə yarayır.

- Premyer Liqanın növbəti turunda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu matçın nəticəsindən asılı olmayaraq, çempionluğu qazana bilərsiz...
- “Xəzər Lənkəran”ın neçənci mövqedə qərarlaşmasından asılı olmayaraq, bu komandaların görüşü hər zaman derbi ab-havasında keçib. Yenə belə olacaq. Çünki rəqabət var. Çempion olsaq belə, Lənkəranda da qələbə qazanmaq üçün “vuruşacağıq”.

- Ardıcıl ikinci dəfə çempion olmağa çox yaxınsınız. Bu, sizdə hansı hisslər yaradır?
- Əlbəttə, sevindirici haldır. “Xəzər Lənkəran”da da belə olmuşdu. Düzdür, həmin vaxt çempionluğu deyil, ölkə kubokunu ardıcıl iki dəfə qazandıq. Bu dəfə isə ardıcıl ikinci dəfə çempion olacağıq. Çox sevindiricidir.

- Çempion olmusuz, ölkə kubokunu qazanmısız. Hansı arzunuzu reallaşdırmaq qalıb?
- Qızıl dubl etmək. Sevimli komandamın heyətində bunu bacarsaq, arzum çin olar.