Lənkəranda çempionluq oyunu
20.04.2012 - 11:12
Lənkəranda çempionluq oyunu
Sabah Premyer Liqada XXIX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, əsas diqqət bazar günü keçiriləcək matçlara yönələcək. Çünki ilk “altılığ”ın oyunları həmin günə təsadüf edir və ən əsası, çempionluğunun taleyinə artıq tam aydınlıq gələ bilər. Bunun üçün “Neftçi” Lənkəranda qalib gəlməlidir ki, bu halda, rəqiblərinin oyunlarının nəticələrindən asılı olmayaraq, titulunu qoruyacaq. Lider hətta uduzsa belə, ardıcıl 2-ci dəfə çempion ola bilər ki, bu, “Qarabağ”la “İnter”in büdrəyəcəyi halda reallaşacaq. “Neftçi” indiyə kimi Lənkəranda 2 dəfə qalib gəlsə də, 100-cü oyun keçiriləcək Mərkəzi Şəhər stadionunda hələ buna nail olmayıb ki, bu da motivasiyanı artırır.

“Xəzər Lənkəran”a da 3 xal qazanmaq vacibdir. Əvvəla, mövsümün əsas derbisi sayılan “Böyük oyun”, özü də evdə qələbənin əhəmiyyətin böyükdür. Bundan əlavə, lənkəranlılar hesabında 6 xal silinəndən və bundan sonra səfərdə “Bakı”ya 1:4 hesablı məğlubiyyətdən sonra turnir cədvəlində vəziyyəti pisləşdi. Cənub klubu kubokdan kənarda qaldığına görə Avroliqaya çıxmaq üçün mükafatçılar sırasına düşməli, ən pis halda, hazırda qərarlaşdığı 4-cü yerdə mövqeyini qorumalıdır ki, bu, lazımı vəsiqəni verə bilər. Ona kubokda mübarizə bitəndən sonra aydınlıq gələcək. “Qəbələ” “Xəzər Lənkəran”la xalları bərabərləşdirdiyindən, “Bakı” 1 xal geridə qaldığından, 4-cü pillə uğrunda mübarizədə gərginlik artıb.

Bir həftədə 3 dəfə üzləşməli olan “Qarabağ”la “Bakı” 2-ci duelə çıxacaq. Bu dəfə komandalar Premyer Liqanın növbəti turunda rəqib olacaq. Ölkə kubokunun ilk yarımfinal oyununda səfərdə “Bakı”ya 1:0 hesabı ilə qalib gəlməklə, finala çıxmaq şansını artıran ağdamlılar doğma məkanda çempiona sınağından sonra cavab matçına çıxacaq. “Qarabağ”a çempionluqdan əlini üzdükdən sonra 2-ci pillədəki yerini qorumalıdır ki, bunun üçün qalib gəlmək vacibdir. Onu izləyən “İnter” cəmi 1 xal geri qalır və o da evdə oynayacaq. Turnir cədvəlində qonşu olan “Qəbələ” ilə “Bakı” avrokuboklara şanslarını saxlamaq üçün səfər matçlarında 3 xal üçün mübarizə aparacaqlar.

Sabah keçiriləcək açılış oyunları 2-ci “altılıq” matçlarının ikisindən ibarət olacaq. Turnir cədvəlinin sonlarında gedən “Turan”la “Sumqayıt” səfər sınağı qarşısındadır. İlk “altılıq” matçları günü keçiriləcək Gəncədəki oyun isə AZAL-ın baş məşqçisi Vaqif Sadıqov üçün önəmli matç olacaq. Belə ki, millimizi də çalışdırmış təcrübəli mütəxəssis yeni komandasında evdə ardıcıl iki 1:1 hesablı bərabərlikdən sonra ilk səfər oyununu “Kəpəz”lə keçirəcək.

21 aprel

16:00. “Rəvan” – “Turan”
Bakı. “Dalğa Arena” stadionu
Cari mövsümdə oyunlar – 2:1, 1:0, 1:2

18:00. “Simurq” – “Sumqayıt”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Cari mövsümdəki oyunlar - 1:0, 1:0, 2:1

22 aprel

16:00. “Qarabağ” – “Bakı”
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Cari mövsümdəki oyunlar – 2:1, 3:0, 2:1

16:00. “Kəpəz” – AZAL
Gəncə. Şəhər stadionu
Cari mövsümdəki oyunlar - 3:1, 0:2, 0:2

18:00. “Xəzər Lənkəran” – “Neftçi”
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 0:5, 1:1

18:00. “İnter” – “Qəbələ”
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 1:1, 0:0, 2:1