“Bakı”nın apreldə Quzanlıda qazandığı oxşar qələbələr
23.04.2012 - 11:18
“Bakı”nın apreldə Quzanlıda qazandığı oxşar qələbələr
“Bakı”ya apreldə Ağdama səfər düşərli olur. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” 2010-cu ildə də bu ayda Quzanlı Olimpiya Kompleksinin stadionunda “Qarabağ”a 4 qol vuraraq, qalib gəlmişdi. Özü də həmin qələbə də “altılığ”ın 2-ci dövrəsində olmuşdu. Onda türkiyəli Cüneyt Biçərin baş məşqçisi olduğu komanda ağdamlıları böyük hesabla yenmişdi – 4:1. Əslində, yenə “Qarabağ”la oyunda bu hesab qeydə alınacaqdı. Ancaq aprelin 22-də keçirilən matçda meydan sahiblərinin makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin 88-ci dəqiqədə vurduğu qolla buna imkan verməyərək, komandasını böyük hesablı məğlubiyyətdən xilas etdi.

Maraqlıdır ki, “Bakı”nın xorvatiyalı yarımmüdafiəçisi Aleksandr Şoliç Ağdamdakı hər qələbədə vurduğu qolla pay sahibi oldu. Yeri gəlmişkən, bakılılar Premyer Liqada ardıcıl 2-ci oyundur 4 qol vuraraq, qalib gəlir. Bundan əvvəl evdə “Xəzər Lənkəran”ı 4:1 hesabı ilə yenən matçda qol vuran Şoliçlə litvalı yarımmüdafiəçi Deyvidas Çesnauskis ardıcıl 2-ci dəfə fərqləndilər. Onda het-trik edən Çesnauskis son 2 turda 4 qol vurub. Ümumiyyətlə, “Bakı”nın son oyunda 8 qol vurmağı tarixində demək olar müşahidə olunmayıb. “Qarabağ” isə daxili yarışlarda, xüsusilə Qurban Qurbanovun baş məşqçisi olduğu vaxtda nadir hallarda 1 oyunda 4 qol buraxıb. Bu, elə “Bakı” ilə Quzanlıdakı oyunlara təsadüf edib. “Qarabağ”ın, Qurbanovun orada yeganə böyük hesablı məğlubiyyəti “zolaqlılar”la 2 il öncəki oyunda olub.

Qeyd edək ki, Novruz Əzimovun baş məşqçi əvəzi olduğu “Bakı” 2 gün sonra Ağdamda ardıcıl 2-ci oyuna çıxacaq. Bu, ölkə kuboku uğrunda “Qarabağ”la cavab oyunu olacaq ki, “zolaqlılar” evdə 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmalıdır. Bakılılar 2 il öncə də Quzanlıda 4 qol vuraraq qalib gəldiyi zamanı yarımfinalın iştirakçısı idi. Komanda onda da ilk oyunda evdə 0:1 (“İnter”ə) hesabı ilə uduzsa da, cavab matçında bunun əvəzini çıxaraq, sonda kubokun qalibi olmuşdu.