Yığmamız Ronaldinyonun məşhur qolunu vurduğu stadionda – FOTOSESSİYA
23.04.2012 - 19:00
Yığmamız Ronaldinyonun məşhur qolunu vurduğu stadionda – FOTOSESSİYA
Azərbaycan milli komandasının mayın 23-də Yaponiya yığması ilə yoldaşlıq görüşünü keçirəcəyi “Ekopa” stadionu 2001-ci ildə açılıb. Apasport.az saytının məlumatına görə, Şizuoka şəhərindəki arena xüsusi olaraq 2002-ci ildə bu ölkədə keçirilən dünya çempionatı üçün tikilib. Stadion 50889 azarkeş tutumuna malikdir.

Uzunluğu 106, eni 72 metr olan arenada 10 il öncəki dünya çempionatının final mərhələsində 3 qrup oyunu keçirilib. Bunlardan Belçikanın Rusiyaya 3:2 hesabı ilə qalib gəldiyini misal göstərmək olar. Braziliya ilə İngiltərə yığmaları arasında ¼ final oyunu da həmin stadionunda baş tutub. Orada vurulan məşhur, eyni zamanda kuryoz qol dünya çempionatlarında xüsusi yer tutur. Belə ki, Ronaldinyonun uzaq məsafədən yerinə yetirdiyi cərimə zərbəsindən birbaşa qapıya göndərdiyi top ingilislərin qapıçısı Devid Simenin kobud səhvindən sonra tora daxil olmuşdu. Braziliyalılar 2:1 hesabı ilə qalib gəldiyi həmin oyundan sonra Türkiyə və Almaniya yığmalarına da qalib gələrək, 5-ci dünya çempionluğunu qazandı.

Qeyd edək ki, “Ekopa” Yaponiyanın “Cubilo İvata” və “Simidzu S-Pals” klublarının ev oyunlarını keçirdiyi stadiondur. Birinciləri millimizin sabiq baş məşqçisi Qyoko Hacıyevski çalışdırıb. 2000-ci ildə “Cubilo İvta”ya rəhbərlik edən makedoniyalı mütəxəssis 1 ildən sonra Yaponiyadan gedib və məhz həmin vaxt bu arena istifadəyə verilib.