Rauf Əliyev: Komanda sanki donmuşdu
23.04.2012 - 23:01
Rauf Əliyev: Komanda sanki donmuşdu
“Qarabağ” klubunun futbolçusu Rauf Əliyev Premyer Liqanın XXIX turunda “Bakı”ya 2:4 hesabla uduzduqları oyundan sonra apasport.az saytının suallarını cavablandırıb.

- “Bakı” ilə oyun haqda nə deyə bilərsiniz?
- Gözləmədiyimiz məğlubiyyətlə qarşılaşdıq. Doğma meydanda 4 top buraxmaq, heç də yaxşı hal deyil. Əslində, ikinci hissənin belə olacağını gözləmirdik. İlk yarıda üstünlük bizdə idi. Qol imkanlarımız da çox oldu. Fasilədən sonra da bu cür davam edəcəyini düşünürdük. Amma oyunun gedişi əksini ortaya qoydu.

- Bu, cari mövsümdə “Qarabağ”ın “Bakı”ya ilk məğlubiyyəti idi. Heç-heçə də qeydə alınmamışdı. Amma doğma meydanda 4 top buraxıb uduzmaq, müəyyən şübhələr yaradır...
- Həqiqətən də xeyli vaxt idi “Bakı”ya uduzmurduq. Görünür, bu məqam rəqibi daha ciddi hazırlaşmağa vadar edib. Oyunun gedişində boşluqlar verdik ki, bundan faydalandılar. Onlar üçüncü topu vurduqdan sonra demək olar, “sındıq”. Dördüncü qol isə oyunun taleyini həll etdi. Futbolda belə şeylər olur.

- Bəlkə yarımfinal mərhələsinin ilk oyununda “Bakı”ya qalib gəlməyiniz planlarınızda dəyişiklik edib?
- Əvvəl fikrimizdə belə şey yox idi. Yəni, hər oyunda qələbə qazanmaq istəyirik. Amma budəfəki matç tam fərqli oldu. Yenə deyirəm, fasiləyə qədər üstünlük bizdə idi. Hətta bərabərlik qolunu da vurmağı bacardıq. Üstəlik, hesabda önə də keçə bilərdik. İkinci hissədə tam fərqli mənzərə ilə üz-üzə qaldıq. Komanda sanki donmuşdu. Amma çempionatda da yaxşı nəticə qazanmaq bizim üçün vacibdir.

- Bəlkə ikinci pillədə olduğunuz bir vaxtda gözlənilməz məğlubiyyət kuboku qazanmağa daha çox diqqət yetirəcəyinizə işarədir?
- Hər şey ola bilər. Bu gün sırf kuboku qazanmaq üçün mübarizə aparsaq, düzgün olmaz. Çünki hələ yarımfinal mərhələsinin cavab matçı və final oyunu durur. Bəlkə heç kuboku qazana bilmədik, onda necə olacaq? Evdə bu cür uduzmağımız çox pis oldu. İndi bütün diqqətimizi kubokun cavab oyununa yönəltmişik. Ciddi hazırlaşırıq və son yenilgidən dərs çıxarmışıq.

- İlk oyundakı minimal hesablı qələbəniz finala daha yaxın tərəf olduğunuzu düşünməyə əsas verirmi?
- Oyun başa çatmadan heç nə demək olmaz. Sadəcə, üstünlük bizdədir. Səfərdə vurduğumuz qol sayəsində hesabda öndəyik. Bu da rəqibin üzərimizə gələcəyi deməkdir. Onlar daha çox hücum edəcəklər. Belə olan halda, rəqibi əks-hücumda yaxalayacağıq. Səfərdə vurduğumuz qol rahat oynamağımıza imkan yaradacaq.

- Adətən Ağdamda belə yenilgidən sonra azarkeşlər sərt reaksiya göstərirlər. “Bakı” ilə dueldən sonra hansısa mənfi münasibət hiss etmisiz?
- Xeyr, hansısa kobudluğun şahidi olmamışıq. Onlar bizə inanır və dəstəkləyirlər. Sonuncu oyunda baş verənləri hər bir klub yaşa bilər. Əsas odur ki, fanatlarımız bizə inanır. İnşallah, yarımfinal mərhələsinin cavab oyununda da qələbə qazanıb finala adlamaqla onları sevindirərik. İndi bütün diqqətimizi cavab oyununa yönəltmişik.

- Bir müddətdir qol vura bilmirsən. Bunun səbəbini nə ilə izah edərdinz?
- Hər bir hücumçu kimi, mən də çalışıram ki, meydana çıxanda qol vurum. Öz oyunumu nümayiş etdirmək üçün əlimdən gələni edirəm. Amma hər dəfə qol vurmaq mümkün deyil.

- Bəlkə hər kəsin səndən qol gözləməsi üzərində təzyiq yaradır?
- Təzyiq deyəndə, bəli qol vura bilməməyim oyunuma təsir göstərir. Əsas odur ki, ruhdan düşməyim. Yaxşı oynasaq, qol olacaq.