İsrailin ən yaxşı futbolçusunu Azərbaycana gəlməyə qoymurlar
24.04.2012 - 11:55
İsrailin ən yaxşı futbolçusunu Azərbaycana gəlməyə qoymurlar
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk rəqibi olan İsrail yığmasının məşqçilər korpusunda dəyişiklik baş verir. Apasport.az saytının məlumatına görə, uzun illər Moskva “Dinamo”sunda çıxışı ilə tanınan Aleksandr Uvarov qapıçılarla işləyən məşqçi postunu tərk edir. Yeni il ərəfəsində rəqibimizə baş məşqçi təyin olunan Eli Qutman rusiyalı köməkçisi ilə işləməkdə maraqlı deyil. Qutmana əsas köməkçi İossi Abuksis təyin olunub. 41 yaşlı çalışdırıcı Qutmana Təl-Əviv “Hapoel”inə rəhbərlik etdiyi dövrdə kömək edib. SSRİ yığmasının da şərəfini qorumuş 52 yaşlı veteran qapıçı isə 2000-ci ildən işlədiyi İsrail yığmasından getməyə məcburdur.

Uvarov SSRİ dağılan vaxtda – 1991-ci ildə İsrailə köçərək, həmin vaxtdan orada yaşayır. O, 9 il oynadığı Təl-Əviv “Makkabi”sində futbolçu karyerasını bitirərək, qapıçılarla işləyən məşqçiliyə başladı. 2003-cü ildən İsrail vətəndaşlığını qəbul edərək, ailəsi ilə orada yaşayan rusiyalı SSRİ kubokunun qalibi, İsraildə 3 dəfə çempion, 2 dəfə kubokun sahibi, 1996-cı ildə isə bu ölkənin ən yaxşı futbolçusu olub.

Qeyd edək ki, Azərbaycan – İsrail oyunu bu ilin sentyabrın 7-də keçiriləcək.