Yunis Hüseynov: 5 futbolçu ilə 2 illik müqavilə imzaladıq
25.04.2012 - 11:50
Yunis Hüseynov: 5 futbolçu ilə 2 illik müqavilə imzaladıq
“Xəzər Lənkəran” mövsümün bitməyini gözləmədən müqavilə məsələlərinə aydınlıq gətirib. Komandanın baş məşqçisi Yunis Hüseynov apasport.az saytına açıqlamasında 5 futbolçunun anlaşmasının müddətini uzatdıqlarını bildirib. Onun sözlərinə görə, millimizin da üzvləri olan qapıçı Kamran Ağayev, müdafiəçi Elnur Allahverdiyev, yarımmüdafiəçi Rahid Əmirquliyev və 2 legioner – braziliyalı Eder Bonfimlə rumıniyalı Adrian Pitin cənub klubunda çıxışının davam edəcəyi artıq dəqiqləşib: “Bu futbolçuların müqavilələri cari mövsümün sonunda bitirdi. Onları növbəti mövsümdə də sərəncamında görmək istəyirəm və artıq anlaşmalarının müddətini artırmışıq. Yeni müqavilələrin müddəti 2 illikdir. Mən artıq indidən növbəti mövsüm üçün öz komandamı formalaşdırıram. Bu mənada müqavilə məsələlərinin həlli vacibdir ki, onu həyata keçirdik. Digər futbolçularımızın isə “Xəzər Lənkəran”la müqavilələri var”.

Mövsüm bitəndən sonra Lənkəran təmsilçisinin heyətində dəyişikliklər gözlənilir. Həmin vaxt gedən-gələn futbolçulara aydınlıq gələcək. Martın 15-də “Xəzər Lənkəran”ın baş məşqçisi postunda türkiyəli həmkarı Cüneyt Biçəri əvəzləyən Hüseynov hələ bu haqda danışmağın tez olduğunu bildirib: “Komandamızda heyətlə bağlı böyük dəyişiklər gözlənilmir. Gedən futbolçularla bağlı hələ heç nə deyə bilmərəm. Transfer edəcəyimiz futbolçularla bağlı işlər də qabaqdadır. Bunlara mövsüm bitəndən sonra aydınlıq gətirəcəyik”.

Müqavilələri uzadılanlardan sağ cinah müdafiəçisi Bonfim ötən yay, sol cinah yarımmüdafiəçi Adrian Pit keçən mövsümün qış fasiləsində transfer edilib. Sonuncu ötən mövsüm çempionatımızın gümüş medalını və Azərbaycan kubokunun qalibi olub. Yerlilərə gəlincə, Kamranla Rahid 2006-cı ildən “Xəzər Lənkəran”ın şərəfini qoruyur. Onlar komandanın qazandığı mükafatların hamısında iştirak edib. Lənkəran klubunda oyun sayında yeni rekordçu olan Əmirquliyev cari mövsümdə Ağayevdən kapitanlıq alınandan sonra sarğını daşıyır.

Elə Allahverdiyev də millidəki komanda yoldaşları kimi, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadovun vaxtında transfer edilib. Ancaq bu, 2009-cu ilin yayında olub və Elnur keçən mövsüm Premyer Liqamızın gümüş mükafatını və Azərbaycan kubokunu qazanıb.


Mehman SÜLEYMANOV