Klublar Mahir Şükürovu niyə istəmir?
18.06.2012 - 23:12
Klublar Mahir Şükürovu niyə istəmir?
Futbol ictimaiyyəti Ruslan Abışovun "Neftçi"ni "Xəzər Lənkəran"a dəyişməsini geniş müzakirə etdiyi bir vaxtda yığmamızın başqa bir üzvü Mahir Şükürovdan səs-soraq yoxdu. Dekabrın 12-də 30 yaşını qeyd edəcək futbolçu "Qəbələ"dən ayrılandan bəri, sanki qeybə çəkilib. Düzdü, o, ölkəni tərk etməyib və hazırda Sumqayıtdadı. Lakin nədənsə mətbuatdan qaçır, ortalıqda görünmək istəmir.

Sonuncu mövsüm yenicə başa çatanda Mahirin bu və ya digər klubla danışıq apardığı yönündə xəbərlər gündəmi zəbt etmişdi. Şükürovun özü gözə dəyməsə də, adı hər gün bir klubla yanaşı çəkilirdi. Ən maraqlısı isə odu ki, həmin ərəfədə bir gün "Xəzər Lənkəran", ertəsi "Neftçi", daha sonra isə "Bakı" rəsmi açıqlama ilə çıxış edərək, Mahirlə maraqlanmadıqlarını bəyan etdi.

Açığı, belə bir görüntü yarandı ki, sanki söhbət hansısa lənətlənmiş bir futbolçudan gedir. Və klublar nəinki, Şükürovu transfer etməyi düşünmürlər, hətta onun adının həmin komandalarda yanaşı çəkilməsini belə istəmirlər.

Yerli klubların Mahirin adını belə yaxına buraxmaq istəməməklərinin fonunda xəbər çıxdı ki, onunla Rusiyanın aparıcı klublarından biri "Rubin" maraqlanır. Futbolçunun hətta Kazan təmsilçisinin düşərgəsində olduğunu yazanlar da oldu. Lakin "Rubin"in mətbuat xidmətinin rəhbəri Maksim Lopuxov apasport.az saytına açıqlama verərək Şükürovun Kazan klubuna keçidinin şayiə olduğunu bildirdi və "dəftər" də bağlandı.

Vaxt vardı yerli klublar Mahiri transfer etmək üçün dəridən-qabıqdan çıxırdılar. Lakin indi iddialı komandalar onu öz heyətlərində görmək istəmirlər. "Xəzər Lənkəran", "Bakı" və "Neftçi" onunla bağlı rəsmi mövqelərini bildiriblər. Şükürovun 2 dəfə tərk etdiyi "İnter"ə də dönüşü mümkünsüz görünür. Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ"da isə xarakteri ilə bağlı problem olan oyunçulara yer olmadığı hamıya məlumdu.

Belədə bircə ümid qalırdı Şükürovun 2008/09 mövsümündə formasını geyindiyi AZAL-a. Lakin "təyyarəçilər"in baş məşqçisi Vaqif Sadıqov da bildirib ki, Mahirə verdikləri pula 5-6 futbolçu ala bilərlər.

İddialı klublarımızın Mahirin adını belə yaxına buraxmamalarının səbəbini anlamaq üçün onun karyerasına nəzər salmaq kifayətdi. Şükürov üçün "sadiqlik" anlayışından söhbət belə gedə bilməz. Üstəlik, daim intizamsız oyunu ilə diqqət çəkən futbolçu mövsüm ərzində xeyli oyun buraxması ilə də yadda qalıb.

Mahirin yerli futbolçular arasında ən yaxşılardan olduğu aydın məsələdi. Məhz bu səbəbdən də qiyməti həmişə yüksək olub. Lakin iş orasındadı ki, Şükürov karyerası ərzində yalnız "Karvan"da ardıcıl 2 mövsüm oynayıb. Digər hallarda isə pula olan hərisliyi onu bu klubdan digərinə aparıb. Mahir "transfer pəncərəsi" açıq olduğu vaxtlarda, dövrələrarası və ya mövsümlərarası fasilələrdə daha sərfəli təklif alan kimi iş yerini dəyişib. Və beləliklə heç vaxt geyindiyi formaya dəyər verməyib (Ekspress Futbol).

Şükürovu aparıcı yerli klublardan heç birinin yaxına buraxmaması başadüşüləndi. Elə ona görə də o, xəlvətə çəkilib, menecer vasitəsi ilə ölkə xaricinə yollanmağa can atır...

Vaxt isə gedir...