Zeynal Məmmədov: Serbiyalı qapıçı bizə lazım olmadı
19.06.2012 - 23:11
Zeynal Məmmədov: Serbiyalı qapıçı bizə lazım olmadı
“Transferində maraqlı olduğumuz serbiyalı qapıçı Nikola Miloyeviç Bakıya gəlsə də, onun klubumuza keçidi baş tutmayacaq”. Bu sözləri apasport.az saytına “Bakı”nın baş meneceri Zeynal Məmmədov deyib.

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Bakı” heyətini gücləndirmək istiqamətində işlər görür. Xüsusilə də qapıçı axtarışlarını sürətləndirən paytaxtın eyniadlı komandası “Banats”da forma geyinn Miloyeviçlə anlaşmaq üzrə idi.

Bu məqsədlə ölkəmizə cəlb edilən futbolçunun keçidində problem yaranıb. Bu onun səhhətindən qaynaqlanır: “Qapıçını həkimə apardıq, onun diz qapağında zədə aşkarlandı. O, bu zədəni mövsümün sonunda alıb. Buna görə də Miloyeviçin keçidi baş tutmayıb”.

İndi “zolaqlılar” yenidən Kolumbuiya yığmasının qapıçısı Neko Martineslə təmasa keçiblər. Onun üçün artıq viza açılıb və qolkiperin komandanın düşərgəsinə qoşulacağı gözlənilir: “Qapıçı üçün viza məsələsini həll etmişik. Əslində bu işi paralel aparırdıq. Miloyeviçlə yanaşı, Martineslə də danışıqlar davam edirdi. Onun yaxın günlərdə Bakıya gəlişi gözlənilir”.

Müdafiəni də gücləndirmək istəyən “Bakı” bir neçə oyunçu ilə danışıqlar aparır. Onlardan karyerasını Yunanıstan “Aris”ində davam etdirən sol cinah müdafiəçisi Mikel Qarbini Pereyra 2 gün ərzində komandanın düşərgəsinə qoşulacaq: “Əgər məşqçilər korpusu onun oyununu bəyənsə, futbolçu ilə müqavilə imzalanacaq. Mikeldən başqa, daha 4 legionerlə danışıqlarımız davam edir. Oların hər biri Avropa Liqasında komandamıza kömək edə biləcək gücdədir”.