“Xəzər Lənkəran”ın heyətinə baxış
20.06.2012 - 12:48
“Xəzər Lənkəran”ın heyətinə baxış
“Xəzər Lənkəran” Kiyev “Dinamo”su ilə bugünkü yoxlama oyununa 1 hücumçu ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın da üzvü olan milliləşdirilən serbiyalı Branimir Subaşiç cənub təmsilçisinin start heyətində yer alanlar arasında yeganə hücumçu funksiyasını yerinə yetirəcək.

Əvəzində “ağ-yaşıllar”ın orta sahəsində futbolçu çoxluq təşkil edir. Həmin 5 futbolçudan Elnur Abdullayevin oyun qurucusu, Rahid Əmirquliyev, braziliyalı Rikardo Qomes və xorvatiyalı Robert Alvis mərkəz yarımmüdafiəçiləri kimi daha çox dağıdıcı funksiyanı yerinə yetirəcəklər.

Rumıniyalı Adrin Pit isə yarımmüdafiənin sol cinahlarından hücumlara dəstək verəcək.

Lənkəranlıların qapısını adət etdiyimiz kimi, Kamran Ağayev qoruyacaq. Bolqar Radomir Todorovla braziliyalı Eder Bonfim müdafiənin müvafiq olaraq sol və sağ cinahlarında yer alacaq. Elnur Allahverdiyev müdafiənin mərkəzində komandaya qayıdan rumıniyalı Manuel Skarlatake ilə birgə yer alacaq.

Baş məşqçi Yunis Hüseynovun oyunun gedişində, əsasən 2-ci hissədə bir sıra futbolçuları sınamaq məqsədilə meydana buraxacağı şübhə doğurmur.