“Postumdan getsəydim, biznesmen Ramin Musayev olardım” – MÜSAHİBƏ
03.07.2012 - 18:09
“Postumdan getsəydim, biznesmen Ramin Musayev olardım” – MÜSAHİBƏ
AFFA prezidenti Rövnəq Abdullayevin mətbuat konfransından sonra Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna yenidən seçilən Ramin Musayev jurnalistlər qarşısında qaldı. Apasport.az saytının məlumatına görə, Abdullayevlə birgə konfransda iştirak edən Musayev bu dəfə artıq özü medianın suallarını cavablandırdı. O, ilk olaraq vəzifəsinə daha 4 illik seçilməyi ilə bağlı fikirlərini bildirdi.

- Vəzifəmdə olduğum bu 4 ildə gördüyümüz işlər haqda danışmağa ehtiyac yoxdur. Ancaq lazım olsa, onları sadalaya bilərəm. Bu müddətdə nailiyyətlərimiz olduğundan, futbolumuzun inkişafına təkan verdiyimizdən, rahatam. 4 ildə ən böyük iş kimi əvəzedicilərin çempionatının keçirilməyini sayıram. Bunadək həmin yarış “dondurulmuşdu”. Bundan əlavə, Premyer Liqaya “Unubank”ın sponsor cəlb olunmağı, çempionatımıza sərmayə qoyulmağı, klubların bundan faydalanmağını da qeyd edə bilərəm. Artıq teleyayımla bağlı tender elan etmişik və yayım hüququ PFL-də olacaq. Bu, bəzi klublarda narazılıq doğursa da, həyata keçirəcəyik. Biz yayımı satacağımız şirkətlə müqavilə bağlayacağıq və orda gələn puldan klublar faydalanacaq.

- Rəqəm kimi 500 min manat çəkmisiniz. Bu, ciddi rəqəmdir?
- Bəli, bir mövsüm üçün nəzərdə tutulub. Bu, başlanğıc rəqəmdir, aşağı da ola bilər.

- Ancaq Avropanın ən nüfuzlu turniri sayılan Çempionlar Liqasında 1 mövsüm üçün məbləğ 300 min avrodur.
- Bunların fərqi var. UEFA onu 1 yox, bir neçə ölkəyə satır. Biz isə həmin məbləği 1 şirkətə satırıq. Təklif çox olarsa, qiymət aşağı düşə bilər. Söhbət müqavilədəki məbləğdən yox, klublara köməkdən gedir. İndi narazılıq ola bilər, ancaq vaxt gələcək, siyasətimizin düzgün olduğu görünəcək. Çalışacağıq ki, növbəti 4 ildə də futbolumuzun inkişafına öz xeyrimizi verək.

- “Unibank”la müqavilənin uzadılıb-uzadılmamağı ilə bağlı məsələ nə yerdədir?
- Bildiyiniz kimi, onlarla bağladığımız 3 illik müqavilənin müddəti bitib. Yeni müqavilə ilə bağlı danışıqlar gedir. İki böyük şirkət də çempionatımıza sponsor olmaq istəyir. Açığı, onlardan birinin adı xoşuma gəlmir. Məndən olsaydı, “Unibank”la əməkdaşlığımı davam etdirməyimizi istərdim. Hər halda, onun çempionatımıza ilk sərmayə qoyan təşkilat kimi əməyini qeyd etmək lazımdır. Ancaq hər şey məbləğdən asılıdır ki, bununla bağlı ortaq məxrəcə gəlmək lazımdır. Şirkətlərdən biri böyük məbləğ təklif edir. Ancaq məbləğdə 150-200 min fərq olsa, “Unibank”a üstünlük verəcəyəm. Məsələyə bu ayın sonuna kimi aydınlıq gələcək.

- Problemləri çox olan “Turan”da vəziyyət nə vaxt düzələcək?
- Bu klub çempionatda çıxışını davam etdirəcək. Artıq bu klubda rəhbərlik dəyişib. Yeni rəhbərlik normal insanlardır. Hər şey yaxşı olacaq.

- Bu il I diviziondan Premyer Liqaya komanda gəlmədi. Çünki aşağı dəstə təmsilçiləri AFFA-dan Premyer Liqada oynamaqla lisenziya ala bilmədilər. Növbəti mövsümdə də belə halın təkrarlanmamağı ilə bağlı klublarla söhbətiniz olub?
- Bəli. Bunu iddialı klublarla danışmışıq. Onlarla belə danışmışıq ki, əgər lisenziya ala bilməsələr, həm mükafatdan məhrum olacaqlar, həm də kuboka buraxılmayacaqlar.

- Bəs çempionatdan çıxarılma?
- Bunu edə bilmərik. Çünki I dəstə klublarında neçə futbolçu oynayır, neçə adam işləyir. Onlar ailələrinə çörək aparırlar, buna bais ola bilmərik. Gördüyümüz ən böyük iş olan əvəzedicilərin çempionatında iştirak edən nə qədər insanın ailələrini saxlamalarına imkan yaratmışıq.

- Ötən mövsümdən borcu olan klublar qalıb?
- Qalıb.

- Adlarını açıqlamasanız da, heç olmasa sayını deyə bilərsiniz?
- Lazım olsa, hər şeyi açıb deyə bilərəm. Ancaq buna ehtiyac görmürəm, çünki həmin borcu olan klubları başqalarının yanında utandırmaq istəmirəm. Borcu olanlar çox deyil, 3-4 klubdur.

- Seçkilərdə belə rahat olacağınız gözləyirdiniz? Yəni yeganə namizəd olduğunuzdan, yenidən seçildiniz...
- Mən bu vəzifəyə rahat gəlməmişəm. Bildiyiniz kimi, PFL-nin prezidenti olana qədər klubda çalışmışam, “Neftçi”nin vitse-prezidenti olmuşam. Orda 1 kluba cavabdeh idimsə, burada 12 kluba, üstəlik də I divizion təmsilçilərinə görə məsuliyyət daşıyıram.

- Öz yerinizə ən layiqli namizəd kimi sayardınız?
- Bu vəzifədə başqaları da işləyə bilər. Sadəcə, mən hamı ilə dil tapa, kimlə hansı dildə danışmağı yaxşı bilirəm. Açığı, yenidən kluba qayıdıb, çalışmaq istəmirəm. Bunu oğlum da məndən soruşanda, ona demişəm. Artıq yaş ötür. Heç ailədə 2 uşağın nazı ilə oynamaq olmur. Qaldı ki, klubda ən azı 25 nəfərin. İndi işlədiyim 12 klub 12 böyük kişi kimidir. Mən “Neftçi”də işləyəndə, “Sabahın ulduzları” turnirində 1 oyunu belə buraxmırdım. İndi həmin futbolçularımızın çempionatda oynadığını görəndə, fəxr edirəm.

- Bəs mətbuatla hansı dildə danışmağı üstün tutursunuz ki, bu, sizə rahatdır?
- Açıq danışmaq. Bunu edirəm, ləhcəmi dəyişmirəm və mənə jurnalistlərlə dil tapmaq rahat olur. Bir də ki hər şey pulla ölçülmür ki.

- Yenidən seçilməyib, postunuzdan getməli olsaydınız, harada çalışardınız?
- Biznesmen Ramin Musayev olardım.

- Hansı biznesiniz var?
- Bunu demərəm ki.

- Premyer Liqanın mükafatlandırılmağı, növbəti mövsümün püşkü ilə bağlı məsələyə nə vaxt aydınlıq gələcək?
- Mükafatlandırma ilə bağlı biz tərəfdən hər şey, layihə hazırdır. Sadəcə, klublar burda olmalıdır ki, onları yığıb tədbirimizi keçirək. Hər halda, bu dəfə ötən ilki kimi noyabrda olmayacaq. Püşkatma isə iyulun sonuna kimi olmalıdır.

- “Altılıq”da dəyişiklik gözlənilir?
- Bunu klub rəhbərliyi ilə görüşümüzdə müzakirə etdik. İndiki sistemə 2 klub narazılıq etdi. Bunlar AZAL-la “Rəvan”dır. Onlar “8+4” olmağını istəyir. Ancaq biz buna gedə bilmərik. Bunu səbəblərdən biri millinin oyunları ilə bağlıdır.

- “Qarabağ” növbəti mövsümdə Quzanlıda yox, Bakıda oynamaq istəyir...
- Mən sizə söz verirəm ki, “Qarabağ” növbəti mövsümdə ya Quzanlıda, ya Bakıda oynayacaq. Yəni bir mövsümdə 2 müxtəlif yerdə oynamağı mümkün olmayacaq. Bir yeri seçməlidirlər.

Mehman SÜLEYMANOV
0