“Biz onlardan daha yaxşı komandayıq” – MÜSAHİBƏ
04.07.2012 - 14:01
“Biz onlardan daha yaxşı komandayıq” – MÜSAHİBƏ
Avroliqada çıxış edəcək “Bakı” klubunun baş məşqçisi Novruz Əzimovun apasport.az saytına müsahibəsi

- Komandanızın Avroliqada növbəti mövsümdə debütünüzə 1 gün qaldı. Sloveniyanın “Mura” klubu oyuna başa çatmaqda olan hazırlığı necə dəyərləndirərdiniz?
- Hazırlığımız yaxşı keçir. Ancaq daha yaxşı ola bilərdi. Bu da onunla əlaqədardır ki, komplektləşmədə bir az gecikdik.

- Bu da istənilən transferlərin həyata keçməməyi ilə bağlıdır...
- Bəli. Qapıçı və hücumçu transfer etməyi planlaşdırırdıq. Ancaq ilk mərhələ üçün bunlar alınmadı. Kipr yığmasının qapıçısı Antonis Georgallides Bakıya müqavilə bağlamaq üçün gəlmişdi. Ancaq onun keçidi baş tutmadı.

- Yəni ötən mövsüm qapıda yer verdiyiniz gənc Aqil Məmmədova yenə güvənməli olacaqsınız...
- 99 faiz Aqil oynayacaq. Daha bir qapıçı kimi təcrübəli Xalidu Sissokonu sifariş ərizəsinə saldıq. O, əvəzedici komanda ilə məşq etmişdi və ehtiyat qapıçı kimi sərəncamımızda olacaq. İnşallah, növbəti mərhələyə çıxandan sonra yeni qapıçı almaq haqda danışarıq.

- Hər halda, evdəki ilk oyunda lazımı nəticə qazanmaq üçün əlinizdə olan futbolçulardan istifadə etməlisiniz. Onlarla söhbətinizdə oyuna necə kökləmisiniz? Yetirmələrinizdən nə gözləyirsiniz?
- Biz tək ilk yox, bütün oyunlarda lazımı nəticə qazanmaq üçün çalışacağıq. Bu gün sırada kim varsa, onların xidmətindən istifadə edəcəyik. Futbolçularımızdan maksimum yararlanıb, qələbə qazanmağa səy göstərəcəyik.

- Rəqib haqda yetərincə məlumat toplaya bildinizmi? “Mura”nı necə xarakterə edərdiniz?
- “Mura” yaxşı komandadır, ancaq biz onlardan daha yaxşıyıq. İstənilən halda, tam səfərbər olub, oyuna ciddi yanaşmalıyıq. Rəqib haqda məlumatımız var. Ancaq oyunun nəticəsi onlardan yox, özümüzdən asılıdır. Bu, öz oyunumuz, matça köklənməkdən, bütün gücünü ortaya qoymaqla bağlıdır. Nəticəni əldə etmək hər bir futbolçunun və komandanın əzmkarlığından asılıdır.

- Sloveniyada təlim-məşq toplanışınızda “Mura” ilə yoxlama oyununda 4:0 hesabı ilə qalib gəldiniz. Düzdür, onda rəqibdə əvəzedici futbolçular oynasa da, hər halda, komandanın adı həmindir. Bu nəticədən sonra “Bakı”dan inamlı qələbə gözlənilir. 4:0 futbolçularınızda arxayınlaşma yaratmaz ki?
- Buna görə səfərbərlik olmalıdır. Futbolçular oyuna köklənməli, meydanda vuruşmalı, sona kimi mübarizə aparmalıdır. Biz də hər oyunçudan bunu istəyirik. Sözsüz ki, arxayınçılıq olmamalıdır.

- Hücum xəttində lideriniz olan Uinston Parksən zədədən sonra tam hazır deyil. Belə olan halda, əsas yük əlinizdə olan latviyalı hücumçu Maris Verpakovskisə düşəcək...
- Bizdə Marisdən başqa daha bir hücumçumuz var. Bu, Nurlan Novruzovdur. O, yaxşı da formadadır.

- Bəs Parksın vəziyyəti necədir? O, sabah meydana çıxa biləcək?
- Bu hücumçularla yanaşı, Parksa da bel bağlayırıq. Onun 30 dəqiqə, maksimum 1 hissə oynamağa gücü çatar.

- Oyun “Dalğa Arena”da süni örtüklü meydançada keçiriləcək. Sizcə, bu, oyunun keyfiyyətinə, nəticəsinə təsir göstərəcəkmi?
- Təsir göstərməməlidir. Hazırlıqda bu amili də nəzərə almışıq.

Mehman SÜLEYMANOV
0