“İnter” yenə penaltilər seriyasında uduzdu - YENİLƏNİB
26.07.2012 - 23:42
“İnter” yenə penaltilər seriyasında uduzdu - YENİLƏNİB
“İnter” Avroliqada mübarizəni II təsnifat mərhələsində dayandırdı. Apasport.az saytının məlumatına görə, “Asteras”la cavab oyununda Bakıda olduğu kimi, hər 2 qol 2-ci hissədə vuruldu. Ancaq bu dəfə rəqib hesabı açdı. Şütz sona 2 dəqiqə qalmış hesabı bərabərləşdirməyi bacardı. Maraqlıdır ki, o, yenə başla qol vurdu. Ümumiyyətlə, bu dəfə hər 2 qol künc zərbəsindən sonra vuruldu.

Hər 2 oyun 1:1 hesabı ilə nəticələndiyindən, 30 dəqiqəlik əlavə vaxt təyin edildi. Burada da hesab dəyişmədiyindən, oyun sonrası penaltilər seriyası oldu. İlk zərbələr qapının üstündən keçdisə, ardından “İnter”in son transferi Haynz Barmettlerin zərbəsini qapıçının dəf etməyi həlledici oldu. Elə ilk zərbəni dəqiq vura bilməyən Georgiyevski də yeni transferlərdəndir. Bakıda qapımıza qol vuran argentinalı hücumçu Perrone Pirlosayağı penalti zərbəsi ilə qalibi müəyyənləşdirdi.

Bununla da “Asteras” növbəti mərhələdə Portuqaliyanın “Maritimu” klubu ilə oynayacaq. “İnter” isə 2 il öncə Çempionlar Liqasında “Lex”lə səfərdə keçirilən cavab oyununda olduğu kimi, penaltilər seriyasında uduzaraq, mübarizəni dayandırdı. Nəticədə avrokuboklarda Yunanıstanda ilk oyunumuz bizim üçün uğurlu olmadı.


Avroliqa, II təsnifat mərhələsi
Cavab oyunu


26 iyul

22:00. “Asteras” (Yunanıstan) – “İnter” (Azərbaycan) - 1:1 (penaltilərlə - 4:2)
QOLLAR: Ximo Navarro, 68 - Tales Şütz, 88
Oyun sonrası penaltilər: Tsampuros - 0:0 (yan), Georgiyevski - 0:0 (yan), Rayo - 1:0, Sxadadze - 1:1, Usero - 2:1, Barmettler - 2:1 (qapıçı), Xuanito - 3:1, Genov - 3:2, Perrone - 4:2
Baş hakim: Lars Kristoferson (Danimarka)
Tripoli. “Asteras Tripolis” stadionu
İlk oyun – 1:1

“ASTERAS”: 37. Georgi Bantis, 3. Xristos Pipinis 6. Lautaro Formiça, 11. Savas Tsampuros (k), 22. Sebastyan Bartolini, 23. Ximo Armira Navarro, 4 Xuanito, 8. Fernando Usero, 10. Rayo, 13. Leandto Alvares, 9. Emanuel Perrone
Ehtiyat oyunçular: 46. Giorgios Georgokapulos, 7. Angelos Sarantopulos, 25. Dimitris Kourbelıs, 30. Heqon, 14. Tasos Bakasetas, 17. Giannis Diniotakis, 31. Mixalis Fraqulakis
Baş məşqçi: Sakis Tsiolis

“İNTER”: 1. Georgi Lomaya, 87. Haynz Barmettler, 20. Brüs Abdulaye, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 5. Slavço Georgiyevski, 8. Nizami Hacıyev,10. Georgi Adamiya, 14. Petar Zlatinov, 23. Tales Şütz
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 9. Daniel Genov, 11. Asif Məmmədov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 77. Ruslan Əmircanov
Baş məşqçi: Kaxaber Sxadadze

İlk oyunla müqayisədə start heyətlərində dəyişiklər var. Özü də “Asteras”da bu, 1-dirsə, “İnter”də çoxdur. Belə ki, Sxadadze ev oyunu ilə müqayisədə əsas heyətdə 4 futboçunu əvəzləyərək, Valeri Abramidze, Ruslan Əmircanov, İbrahima Niasse və Asif Məmmədovu bu dəfə ehtiyatda saxlayıb. Onların yerinə Haynaz Barmettler, Arif Daşdəmirov, Nizami Hacıyev və Petar Zlatinov ilk dəqiqələrdən oynayacaq. Bununla da “İnter”in son transferi olan isveçrəli müdafiəçi Barmettler debüt edəcək. O, Abramidzenin, Daşdəmirov Əmircanovun, Zlatinov Niassenin, Hacıyev Məmmədovun mövqeyində oynayacaq.

Oyun başladı.
İlk dəqiqələr aşağı tempdə keçir.
Qapıya zərbələr hələ ki yoxdur.
Matçda ilk təhlükəli vəziyyət komandamızdan gəldi. Ancaq Şütz 7-ci dəqiqədə real qol imkanını qaçırdı.
Meydan sahiblərinin 3 dəqiqə sonra cavabı daha təhlükəli oldu. Künc zərbəsindən sonra Slavço başla topu boş qapıdan çıxardı.
Rəqibin sağ cinahdan ötürməsi dəqiq olmadı.
Meydan sahiblərinin növbəti künz zərbəsi də təhılükəli olsa da, baş hakim qayda pozuntusu qeydı almadı.
Oyunda ilk sarı vərəqəni 20-ci dəqiqədə Nizami hakimlə danışığa görə aldı. O, Levinin qayda pozuntusu olduğu epizodda qərara narazılıq etdi.
Tripolidə havanın çox isti olmağı oyunun gedişinə öz mənfi təsirini göstərir.
Rəqinin növbəti hücumu da nəticəsiz qaldı.
Komandamız bu dəqiqələrdə daha çox müdafiə olunur.
Sxadadze oyunun gedişindən narazı olaraq, bunu çox emosional şəkildə bildirir.O, legionerlərə narazılığını ingilis dilində deyir.
Komandamızın növbəti hücumu öz nəticəsini vermədi.
Şütz cərimə meydanına daxil olsa da, topu özündən çox irəli buraxdı.
Rəqibin qapıya zərbəsi üstdən keçdi.
Bakılılar hücumu ləngitməklə şansını qaçırdı.
Ucaboylu Talesə hava ötürmələrinin qarşısı alınır.
Stadiondakı azarkeşlərimiz komandamızı qol vurmağa çağırır.
Son dəqiqədə yaxşı imkanımız oldu. Ancaq Zlatinovun cərimə zərbəsindən istifadə edə bilmədi.
Hakim ilk hissədə 1 dəqiqə əlavə vaxt təyin edir və komandalar fasiləyə qolsuz bərabərliklə yollanırlar.

İkinci hissəyə komandamız başladı.
Yenə üstünlük rəqibin tərəfindədir.
Meydan sahibləri hesabı açmaq üçün yaxşı imkan qazandı. Ancaq kapitanımız vaxtında topa müdaxilə etməklə, zərbəyə imkan vermədi.
54-cü dəqiqədə hakim Ximoya simulyasiyaya görə sarı vərəqə göstərdi.
Rəqibin daha bir qol imkanı. Onun uzaqdan zərbəsi dirəyin yanından keçdi.
Meydan sahiblərinin futbolçusu zədələndiyinə görə oyunda fasilə yaranıb.
Komandamızda ilk dəyişiklik. Genov Adamiyanı əvəzləyir.
Rəqibin kapitanı Kandelakinin zərbə vurmağına imkan vermir.
Genov oyuna fəal qoşulub. Nizaminin sağ cinahdan ötürməsini qapıçı tutur.
Rayonun uzaq məsafədən zərbəsini Lomaya tutur.
67-ci dəqiqədə Asif Nizamini əvəzləyir.
68-ci dəqiqədə rəqib hesabı açır. Künc zərbəsindən sonra müdafiə xəttimizin səhvi boş alan Navarronun dəqiq zərbə vurmağı ilə nəticələnir - 1:0.
71-ci dəqiqədə Sxadadze son dəyişikliyi edir. O, müdafiəçi Levini oğlu Baçana ilə əvəzləyir. Bununla da kiçik Sxadadze Şützə birgə hücum xəttində duet təçkil edəcək. Vladimir kapitanlıq sarğısını Petara verir.
85-ci dəqiqədə Bakasetas əlverişli mövqedən zərbəni qapının üstündən vurur.
Narazı Sxadadzenin futbolçularını şikəst adlandırmağı televiziya ilə eşidildi.
Rəqibin ardıcıl 4 künc cərbəsindən sonraqapımız qarşısında təhlükə sovuşdu.
Oyunda 3-cü sarı vərəqə 77-ci dəqiqədə Xuanitoya göstərildi. İki dəqiqə sonra Baçana eyni aqibəti yaşayır.
Növbəti sarı vərəqəni 81-ci dəqiqədə Asif aşkar kobudluğa görə alır.
88-ci dəqiqədə istəyimizə çatdıq. Şütz yenə hava ötürməsindən sonra başla dəqiq zərbə vurdu. Bununla da oyun əlavə vaxta gedir.
Hakim 2-ci hissəyə 4 dəqiqə əlavə edir.
Talesin zərbəsi qapının üstündən keçir.
Bəxtimiz gətirdi. Navarro az qala 2-ci qolunu vuracaqdı.
Lomaya son saniyələrdə vaxtında irəli çıxıb, topu tutur və matç 1:1 hesabı ilə nəticələnir. Cütün taleyi 30 dəqiqəlik əlavə vaxta qaldı.

Əlavə vaxt başladı. Topu oyuna rəqib daxil etdi.
Künc zərbəsindən sonra Arifin zərbəsinin qarşısı alınır.
98-ci dəqiqədə Perronenin ustalıqla vurduğu aşırma zərbısi qapıdan azca aralı keçdi.
Oyun qarşılıqlı hücumlar şəraitində keçir.
Georgi sağ cinahdan ötürməsindən sonra topu yumruqları ilə qaytarır.
Ardından Talesin zərbəsi qapının üstündən keçdi.
Sol cinahdan ötrümədən sonra bəxtimiz gətirdi və ilk 15 dəqiqə bitdi.

İkinci əlavə hissə başladı. Komandamız topu oyuna daxil etdi. Hücumlarla başladıq və Danielin zərbəsi toru yandan silkələdi.
Ardından yenə bəxt üzümüzə güldü. Lomaya zərbəni qaytardı və Arif topu qapı xəttindən uzaqlaşdırdı.
Hər şey penaltilər seriyasına doğru gedir.
Cərimə zərbəsindən sonra Perronenin başla həmləsi təhlükəli alındı.
120 dəqiqədə qalib müəyyənləşmədiyindən, cütün taleyi penaltilərə qaldı.