“Asteras” – “İnter” oyununa biletlərin 70 faizi satılıb
25.07.2012 - 18:10
“Asteras” – “İnter” oyununa biletlərin 70 faizi satılıb
“İnter”in Avroliqanın II təsnifat mərhələsində rəqibi olan Yunanıstan “Asteras” klubu ilə cavab oyununa biletlər iyulun 23-dən satışdadır. Apasport.az saytının məlumatına görə, qiyməti 15 və 25 avro olan biletlər matçın keçiriləcəyi Tripolis şəhərində iki yerdə satılır. Satış məntəqələrin birindən alınan məlumata görə, biletlərin artıq 70 faizi satılıb və matçın startına kimi hamısının satılacağı bildirilir. Bununla da sabah baş tutacaq cavab matçında anşlaq olacağı gözlənilir.

Oyunu izləyənlər arasında azərbaycanlı fanatlar da olacaq. Belə ki, matçı Bakıdan gələn "İnter"in azarkeşləri, eləcə də jurnalistlər də izləyəcəklər. Tripolisin demək olar bütün küçələrində matçın afişalarına rast gəlmək olar.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək oyun 7500 azarkeş tutuma malik “Asteras Tripolis Stadium”da keçiriləcək.

Mənbə: inter.az
0