“Neftçi”də istefa şousu
31.10.2012 - 00:06
“Neftçi”də istefa şousu
Allah Sadıq Sadıqovun ziyarətini qəbul etsin. "Neftçi"nin prezidenti hazırda ölkəni xoş amal üçün tərk edib. Səmimi qəlbdən ona imanın kamil olmasını diləyirəm. Kaş hamıya belə ziyarət qismət olsun.

Ancaq Sadıq bəy futbolu o qədər sevir ki, onu şeytanı daşladığı yerdə də dinc oturmağa qoymurlar. Ötən həftə prezidenti ziyarətindən vacib məsələyə görə ayırdılar. O da çıxıb bəyanat verməli, "Neftçi"nin durumu üçün önəmli olan qərar qəbul etməli oldu.

Rəsmi açıqlama olmadı, amma hamı bildi ki, "Neftçi"nin Sadıq Sadıqovdan başqa bütün rəhbərliyi, eləcə də məşqçilər korpusu istefa verib. "Rubin"ə, ardınca "Rəvan"a məğlubiyyətlər onları belə addıma məcbur etmişdi. Normal, eyni zamanda anormal qərar idi.

Normal ona görə ki, "Neftçi" çempionatda itirilən xallara görə potensial lider olsa da, 3 səfər oyununun hamısında uduzub, Avroliqada da işlər qaydasında getmir. Ümumiyyətlə, oyun, futbolçuların hazırlıq səviyyəsi, futbolçuların fiziki durumu məşqçilərin işini düzgün qura bilməməsini göstərir. Xüsusilə "Rəvan"la oyun üçün düzgün heyət, düzgün taktika qurulmaması birbaşa Böyükağa Hacıyevin səhvi idi. Meydan sahiblərinin baş məşqçisi Kemal Alispahiç məhz düzgün taktika seçimi, əli altında olan oyunçulardan əla istifadə, bir də futbolçuların qələbə yanğısı sayəsində Hacıyevi "yedi" və az qala serbləri (oxu: "Partizan"ı) futbol tarixindən silməyə hazırlaşan "Zəif" buna qarşı heç nə edə bilmədi.

Anormal ona görə ki, hətta ardıcıl 2 məğlubiyyət də komandanı bu məqamda buraxmaq üçün səbəb olmamalıydı. Ona qalsa, gərək ölkə klublarının əksəriyyətinin məşqçiləri heç futboldan danışmaya. Flaqmanın məşqçi heyəti sadəcə, başı daşa dəyəndən sonra ayılmalıdı.

İstənilən halda qərar verildi və səbəbkarlardan yalnız idman-direktoru Güloğlan Cabbarov qərarını rəsmən bəyan etdi, ardınca da "istefaların davamı gələcək" deməklə, ümumi vəziyyəti çatdırdı. Oyunda ola-ola mətbuat konfransına səhhətini bəhanə edib gəlməyən (halbuki oyundan sonra hakimlərə barmaq silkələməyə imkan tapmışdı - red.) Hacıyevin bu addımı da birmənalı qarşılanmadı. Nə o, nə də adı istefa verilənlər siyahısında olan digər şəxslər bunu təkzib etmədiyindən xəbərin doğruluğu şübhəyə yer qoymadı. Nəhayət, Sadıq bəyin məlum bəyanatı şayiə-xəbərlərin doğruluğunu isbatladı.

Ancaq Hacı Sadıq Sadıqovun bəyanatında bəzi maraqlı məqamlar var ki, onların üzərindən sükutla keçmək olmur. Məsələn, hörmətli prezident qeyd edir ki, "Neftçi" "Rəvan" kimi komanda ilə hər oyunda top buraxmadan qalib gəlməlidi. Adama deyərlər niyə?

Bəlkə "Simurq" "İnter"in qapazaltısı olduğu kimi, siz də bu komandanı hər dəfə udursuz? Siz də daxil olmaqla, bütün klub işçilərinizin rəqiblərə yuxarıdan aşağı baxmasının nəticəsidi ki, bu mövsüm səfərdə keçirdiyinizin oyunların 3-də də uduzmusuz və həmin bəyənmədiyiniz "Rəvan" hazırda turnir cədvəlində "üstünüzdədi". Yoxsa hansısa külli-ixtiyara sahibsiz ki, nəticələrini bəzi klublardan fərqli, sırf öz gücünə qazanan bir komandanı belə aşağılayırsız?

Sadıq bəyin işçilərindən hesabat tələb etməsi və günahkarları cəzalandıracağını deməsi tamam normaldı. Ancaq bəri başdan deyim ki, onların sizin mötəbər şəxsiyyətinizdən ehtiyat edərək dilə gətirməyəcəyi və hər şeyə "baş üstə, Sadıq müəllim" deyə cavab verəcəyi sualların cavab aşağıdakılardı:

* "Neftçi"nin heyəti iki cəbhədə mübarizə aparmaq üçün yetərli deyil;
* Azərbaycan futbolunun gələcək nəslini yetişdirməyiniz barədə vədləriniz xülyadı, çünki komandada olan gənclərin əksəriyyəti məşqçilərin güvənmədiyi və paslanan perspektivlilərdi;
* Komandanın fiziki hazırlığı yetərincə deyil, Arif Əsədovun qurduğu və 2 il dalbadal çempion olan heyətə Hacıyev yeni heç nə qatmayıb, olanı xərcləyib;
* Komandanız kənar təsirlərin köməyi olmadan nə avrokuboklarda, nə də ölkə çempionatında adi ortababdan fərqlənə bilməz.

Sadıq bəyin ad çəkmədən bəyan etdiyi narazılığının isə heç yeri yoxdu. O, aşkar şəkildə komandasının həftədə 2 oyuna çıxmağa hazır olmadığını söyləyir və matçlarının təxirə salınmamasından gileylənir.

Belədə "əlahəzrət fakt" adamın gözünə girər. Peşəkar Futbol Liqasının prezidenti bütün tənqidlərin qarşısına sinəsini sipər edərək az qala bütün çempionatın təqvimini "Neftçi"yə görə dəyişib və bu gün paytaxt klubu digər komandalardan 3 oyun az keçirib ki, bu da komandaya olan fərqli münasibətin nəticəsidi.

"Rəvan"la oyun da təxirə salınacaqdısa, onda gərək "Neftçi"yə görə çempionat avqusta qədər uzadılsın ki, bu komanda bütün oyunlara can rahatlığı ilə çıxsın. Məlumat üçün qeyd edim ki, sizin kimi qitə kuboklarında iştirak edən bütün komandalar bazar günü oyunlarını yekunlaşdırdı. Bu məqamda hansısa narazılığın yeri yoxdu. Zəhmət çəkib vaxtında heyəti elə qurardız ki, indi futbolçuların yorğunluğunu sığortalaya biləcək ehtiyat qüvvəniz olardı.

Sadıq bəyin müqəddəs yerlərdən göndərdiyi bu "müqəddəs" bəyanat öz yerində, "Neftçi"də başverənlər yaxşı bir oyun havasıyla oynanılası şoudu. Belə istefa şoularına "Bakı" "Buduçnost"a texniki məğlubiyyət sayəsində uduzanda da şahidlik etmişdik. O zaman klubun bütün işçiləri ərizələrini yazıb Hafiz Məmmədovun onları bağışlayacağı günü gözlədilər.

Əslində, bu demarş idi, ancaq nəticəsi gözlənilən kimi oldu. Şaferə, Bandoviçə milyonlar xərcləyən ürəyiyuxa klub prezidenti hamını "Fərman şahın fərmanı"yla əfv etdi. Daha sonra klubla bağlı bir qalmaqala özbaşına münasibət bildirən, sonra Məmmədovun qəzəbindən qorxub işdən getdiyini bildirən klubun mətbuat xidmətinin rəhbəri Nəriman Mehdiyev də hələ işinin başındadı.

Eyni istefa şoularını bu mövsüm bizə "Qarabağ"la "Xəzər Lənkəran" da yaşadıb. Öncə Qurban Qurbanov, ardınca Yunis Hüseynov postlarından getmək istədiklərini dedilər, səhəri bağışlandılar. Halbuki, onlar "istefa vermək istəyirəm" yox "istefa verirəm" deməli və getməliydilər. Amma jest edildilər və rəhbərlik tərəfində dəstək aldılar. İndi "Neftçi"dəkilər də eyni ssenarini təkrarlayır. Ardıcıl 3 çempionluq xəyalında olan və bununla rekord vurmaq istəyən Sadıqovun qəzəbindən qorxduqları üçün özlərini məsum körpə cildinə salıblar.

Təbii ki, müqəddəs ziyarətdə olan Sadıq bəyin onları qovacağı inandırıcı deyildi, səbəbkarlar sadəcə, bununla divident qazandılar. Bilməyənlər üçün xatırladım ki, işsiz vaxtlarında zamanını ancaq məşqçilərin dalınca danışmağa, hamını tənqid etməyə sərf edən Hacıyevi, hakimlik karyerasını bitirəndən sonra ilk dəfə futbol sahəsində ağıllı-başlı yer tapan Tahir Süleymanovu 1-2 məğlubiyyətlə yapışdıqları kreslodan qoparmaq asan deyil (Sport Ekspress).

İnanın ki, onlar Sadıqovun onları bağışlayacağına inanmasaydılar, istefa ərizəsini yazmağı heç ağıllarının ucundan da keçirməzdilər.

İndi "Neftçi"ni "Simurq"la oyun gözləyir. Bəlkə də bu şounu liderlə həmin oyunun nəticəsinə təsir etmək üçün hazırlamışdılar. Axı, acı təcrübə bunu göstərir. "Rubin" və "Rəvan"dan sonra növbəti zərbəyə çempionun düşərgəsində dözə bilməzlər.

Allah ziyarətinizi qəbul etsin, Sadıq bəy!