Sudamerikana kubokunda qalmaqal
13.12.2012 - 23:44
Sudamerikana kubokunda qalmaqal
Latın Amerikasının ikinci mötəbər turniri olan Sudamerikana kubokunun final oyununda maraqlı hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, “Morumbi” stadionunda keçirilən “San-Paulo” – “Tiqre” matçı başa çatmamış Braziliya klubu çempion olub.

Belə ki, meydan sahibləri ilk hissəni 2:0 hesablı üstünlüklə tamamlayıb. Lakin fasilə zamanı hər iki tərəfin futbolçuları arasında münaqişə baş verib. Bu zaman polis və mühafizəçilər meydana daxil olaraq oyunçuları bir-birindən ayırıb və paltardəyişmə otağına göndərib. Amma ikinci hissədə mübarizə aparmaq üçün qonaqlar meydana qayıtmayıb. Argentina təmsilçisinin futbolçularını 30 dəqiqə gözləyən baş hakim, onların gəlmədiyini görərək matçın başa çatmasını bildirib və “San-Paulo”nu da çempion elan edib.

İkinci yarıda meydana niyə çıxmadıqlarına aydınlıq gətirən “Tiqre”nin baş məşqçisi Nestor Qorosito, mühafizəçilərin hücumuna məruz qaldıqlarını vurğulayıb:

“Paltardəyişmə otağında mühafizəçilər bizlə pis rəftar etdilər. Onlar bəzi oyunçularımı yaraladılar. Həmçinin polis futbolçularımızı əllərindəki olan dəyənəklərlə də vurmağa çəkinmədilər. Bununla yanaşı bizi, silahla da qorxutdular. Biz də bunları nəzərə alaraq, meydana çıxmaqdan çəkindik”.

Qeyd edək ki, “San-Paulo” – “Tiqre” arasında keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatmışdır.