AFFA nümayəndəsi: “Böyük oyun” təxirə salınmayacaq
14.12.2012 - 13:19
AFFA nümayəndəsi: “Böyük oyun” təxirə salınmayacaq
“Lənkəran şəhər stadionunun durumu normaldır. “Xəzər Lənkəran” – “Neftçi” matçının keçirilməsində problem olmadığından, qarşılaşma baş tutacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Topaz Premyer Liqasının XVII turunun “Xəzər Lənkəran” – “Neftçi” matçının AFFA nümayəndəsi Ramiz Abdullayev deyib.

O bildirib ki, hava şəraiti əlverişli olmasa belə, “Böyük oyun” kimi tanınan duel keçiriləcək: “Lənkəranda bir az çiskin olub. Meydançada ciddi problem yoxdur. Yalnız bəzi yerlərdə gölməçələr yaranıb. Hazırda meydançadayam. Bu su yığınının aradan qaldırılmasına nəzarət edirəm. Həmin gölməçələr olan yerləri ling ilə deşib suyun aşağı çəkilməsini təmin edirlər. Matçadək iş yekunlaşacaq”.