"Mövsümü 8-ci pillədə başa vura bilərik" - MÜSAHİBƏ
15.12.2012 - 02:19
"Mövsümü  8-ci pillədə başa vura bilərik" - MÜSAHİBƏ
“Sumqayıt”ın hücumçumuz Pərdis Fərcad-Azad klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, futbolçu Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Rəvan”la qarşılaşmadan öncə komandasının hazırlıq mərhələsi və qarşıdakı oyunlarla bağlı fikirlərini bildirib.


- Komandanın hazırlıq mərhələsi barəsində nə deyə bilərsən?
- Hər gün Bayıl Arena-da hazırlığımızı davam etdiririk. Ən böyük çətinliyimiz heyətlə bağlıdır. İlk onbirliklə meydana çıxa bilmirik. Lakin son görüşlərlə müqayisədə əsas heyət üzvlərindən bəziləri sıraya qayıdıb. Kollektivdə əhval-ruhiyyə olduqca yüksəkdir. Hamılıqla növbəti iki oyunumuz “Rəvan” və “Kəpəz”lə qarşılaşmaları düşünürük.

- “Sumqayıt” FK “Rəvan”la qarşılaşmadan hansı nəticə ilə ayrılacaq?
- İli uğurlu nəticələrlə başa vurmaq istəyirik. Bunun üçün qarşıdakı “Rəvan” və “Kəpəz”lə oyunu fikirləşirik. Əvvəlcə həftəsonu “Rəvan”la üz-üzə gələcəyik. Bu qarşılaşmada məğlub olmaq istəmirik. Əsas hədəfimiz isə iki oyundan maksimum nəticə qazanmaqdır. İki matçdan 4 xal qazansaq da, bunu pis nəticə saymaq olmaz.

- Oyun zamanı meydanda ən çox kiminlə yaxşı anlaşırsan?
- Ümumilikdə götürsək, klubda yer alan hər kəslə xoş münasibətim var. Uşaqları biri-birindən fərqləndirmək istəmirəm. Həqiqətən hamının öz yeri var. Qaldı ki, meydanda çıxışıma daha çox Uğur Pamuk, Ruslan Qurbanov və Orxan Əliyevin adını çəkə bilərəm.

- Bir müddət əvvəl Azərbaycan yığmasının heyətində təlim-məşq toplanışında iştirak etdin. Millidə olmaq səndə hansı təəssüratları yaratdı?
- Dəfələrlə demişəm ki, mən azərbaycanlıyam. Bu ölkənin millisində olmağa haqqım çatır. Ən böyük arzularımdan biri çin oldu desəm yalan olmaz. Seleksiya xarakterli təlim-məşq toplanışı zamanı özümü yaxşı tərəfdən göstərdiyimə inanıram. Oradakı əhval-ruhiyyə məni razı saldı. Məşqlərdən sonra A millimizin baş məşqçisi Berti Foqts mənə bəzi tapşırıqlar verirdi. Məşqçilərdən öyrənəcəyim çox şeylər var. İnşallah millinin növbəti toplanışlarına da dəvət alaram.

- Premyer Liqada 16 tur arxada qalıb. Bütün klublara qarşı da çıxış etmisən. Səncə “Sumqayıt” FK mövsümü hansı pillədə tamamlayacaq?
- Əvvəldə də qeyd etdim ki, tam heyətlə hazırlaşa bilmirik. Əgər 2012-ci ildə baş tutacaq iki oyundan 6 xal qazansaq ilk altılıq uğrunda mübarizə apara bilərik. Lakin bu olduqca çətin olacaq. Bunu bacarmasaq, mövsümün sonunda turnir cədvəlini 8-ci pillədə başa vura bilərik.