Arım, balım, pətəyim
17.12.2012 - 10:12
Arım, balım, pətəyim
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev yaman adamdı, hər dəfə ağzını açanda olay olur. Bu adamın "zəhər"i də şəkərdi.

"Xəzər Lənkəran"la son oyundan sonra "zəif" yenə danışdı. Yenə həmkarına ilişdi, uda bilmədiyi "Partizan" kimi uda bilmədiyi cənublulara da "gördüyüm ən zəif komandadı" damğasını vurdu, yenə arıdan danışdı.

O, hər dəfə arıdan söz salanda kənddə arı saxlayan dayım yadıma düşür. Babamın böyük oğlu bizə bal qonaqlığı vermək fikrinə düşəndə açardı pətəyin ağzını, öz üzünə tor geyim keçirib bal kəsərdi. Biz də o gedəndən sonra arıların pətəyə daxil olduğu qapıya hərdən bir çöp uzadardıq ki, görək nə olur. Oradan arılar çıxıb bizə hücum edər, üzümüzü, gözümüzü sancardılar, özləri isə həyat tərzləri, taleləri belə olduğu üçün sancan kimi ölərdilər. Şişməsin deyə tezbazar arı sancan yerə qatıq sürtərdik.

Arının pətəyinə çöp soxmaq elə ovaxtdan yadımda qalıb. Hacıyev birinci dəfə "arım, balım, pətəyim" mahnısını "Sumqayıt"ı darmadağın etdikdən sonra oxumuşdu. Guya ki, rəqibin baş məşqçisi Bernard Raab birinci dövrədə "Neftçi"ni yenməklə Hacıyevə çöp uzadıb. O da cavab oyununa kimi hirsini boğub və imkan düşəndə onu sancdı - 8:1-lə.

İlk dəfə bu sözü deyəndə çox orijinal alınmışdı, yeri var idi. Ancaq Böyükağa bəyin Lənkərandakı yenilgidən sonra Karles Bakesə xitabən "o da arı yuvasına çöp uzatdı" deməsi təkrarçılıq oldu. Yəqin ki, bu komandaların növbəti matçına kimi Hacıyev düşməni sancmağa qərar verən arı kimi havada fırlanacaq, məqam düşən kimi sancıb "vızıltısını" kəsəcək.

Ancaq Böyükağa bəy bu xəbərdarlığıyla yanaşı, bir neçə açıqlaması ilə böyük səhv də buraxdı. "Böyüklərin səhvi də böyük olur" deyirlər, ancaq Böyükağanın səhvi lap böyük oldu.

Hacıyevin hava və qapıçı haqda dedikləri bəhanədən başqa bir şey deyildi. Çünki meydançanın durumu hər iki tərəf üçün eyni idi. Və "Neftçi" rəqibə sadəcə, mübarizə əzminə görə uduzdu, meydan sahibləri qələbəni daha çox istədiyindən qalib gəldi. Qapıçı məsələsinə gəlincə, Saşa Stamenkoviçin komandanın yeganə qapıçısı olması da Hacıyevin günahıdı. Hələ Arif Əsədovun vaxtından etibarsız qolkiper kimi tanınan, gününü ehtiyatda keçirən qolkiperə çoxdan əvəzedici tapılmalıydı. Ancaq serbiyalı "quşbaz" hətta APOEL-lə Bakıdakı oyunda hesabın bərabərləşməsinə şərait yaradan səhvinə, "Partizan"la ilk oyundakı qalmaqalına və s. baxmayaraq, həmişə güvənilən adam olub. Adi oyun epizodlarında belə onun qovulan Rauf Mehdiyevdən güclü olmadığı görünür.

Böyükağa bəyin indi dizinə döyməsinin mənası yoxdu. Hə, Saşa lənkəranlıların vurduğu hər iki qolda inanılmaz səhv etdi. Ancaq hər iki halda, günahkar tək o deyildi. Ona qalsa, onun rəqibi olan Orxan Sadıqlı ümumiyyətlə, südəmər uşaqdı. Bəs, görəsən, "Neftçi"nin superhücumçuları niyə az qala hər matçda səhv edən Orxanı cəzalandıra bilmədi? (Sport Ekspress)

Böyükağa bəyin digər açıqlamasını bir ton balla da yemək olmaz. Onun həmyerliləri naxçıvanlıları lənkəranlılarla müqayisə etməsi, ardınca ikinciləri "aşağılaması" balaca məsələ deyil. Milli nifaq salma, Böyükağa bəy, vətənim Azərbaycanın hər insanı baş tacımızdı, söyəni də, söyüləni də; döyəni də, döyüləni də. Səhv edənə səhvini başa salarlar, aşağılamazlar.

"Pətək, arı və çöp" haqda məşhur açıqlamasından sonra Hacıyevə məmnuniyyətlə bal arısı demək olar. İndi o, vəd etdi ki, yanvarda onun şedevrini - əsl "Neftçi"ni görəcəyik. İstəməyənin gözü çıxsın. Biz də Əfqan Həmzəyevin, Anar Salmanovun köməyinə ehtiyacı olmayan və başqa dəstəklərdən məhrum, qarşısıalınmaz "Neftçi" görmək istəyirik. Bal mövsümü olmasa da, yanvarda sizin pətəyinizə baxmağın yeri var. Ancaq dediyiniz olmasa, bal görməsək, bu, arı vızıltısı sayılacaq...