Bekhemin yeni klubu bəlli oldu
31.01.2013 - 21:55
Bekhemin yeni klubu bəlli oldu
PSJ daha bir ulduz futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, Paris klubu İngiltərə milli komandasının sabiq üzvü Devid Bekhemlə 5 aylıq razılığa gələrək müqavilə imzalayıb.

Bu gün PSJ-nin prezidenti Nassər Əl-Xəlaifi və klubun idman direktoru Leonardonun keçirdiyi mətbuat konfransında 37 yaşlı yarımmüdafiəçinin transferini rəsmi olaraq təsdiq etdiklərini açıqlayıblar.

5 ay bu komandada çıxış edəcək futbolçu alacağı maaşın hamısını isə Parisdə olan kimsəsiz uşaqlar üçün xeyiriyyə təşkilatına bağışlayacaq. Bir çox klubların maraq dairəsində olan Bekhem, İngiltərədə “Mançester Yunayted”dən təklif almadığı üçün PSJ-ni seçdiyini bildirib:

“Mən çox şanslıyam. 37 yaşım var və hələ də bir çox təkliflər alıram. İngilis klubları da mənimlə maraqlanırdı. Lakin “Mançester Yunayted” bunlar arasında olmadığı üçün İngiltərədə oynamaq istəmədim və Parisi seçdim. Çünki burada nələr edə biləcəyimi görmək istədim. Əminəm ki, bu mənim son müqaviləm olmayacaq”.

Qeyd edək ki, Devid Bekhem PSJ-də 32 nömrəli formanı geyəcək.