“Bakı”nın sabiq futbolçusu Yunanıstan klubunda
05.02.2013 - 02:12
“Bakı”nın sabiq futbolçusu Yunanıstan klubunda
“Bakı”nın sabiq forvardı Maris Verpakovskinin yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar”dan qışda ayrılan latviyalı futbolçu yenidən Yunanıstan klubu ilə anlaşıb.

2009-2011-ci illərdə “Ergotelis”in şərəfini qoruyan 33 yaşlı hücumçu bu komanda ilə iyun ayının sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Maris Verpakovski 1979-ci ilin oktyabrın 15-də Latviyanın Lipaya şəhərində anadan olub. Futbol karyerasına ölkəsinin “Metallurq” komandasında başlayan oyunçu 1995-ci ildən 2001-ci ilə qədər bu klubun şərəfini qoruyub. Keçirdiyi 59 oyunda 10 qol vurub. 2001-ci ildə Verpakovski başqa Latviyanın “Skonto” klubuna keçib. İştirak etdiyi 77 görüşdə rəqib qapısına 41 top vurub. Bu illər onun karyerasının ən pik nöqtəsi olub. Sərgilədiyi oyunla göz oxşayan hücumçu qısa müddət ərzində bir sıra Avropa klublarının maraq dairəsinə düşüb.

“Dinamo Kyev”, (2003-2011), “Qetafe” (2007), “Hayduk” (2007-2008), “Selta” (2008), “Ergotelis” (2009-2011) kimi klubların heyətində çıxış etdikdən sonra Maris, 2011-ci il iyunun 30-da “Bakı”ilə bir illik müqaviləyə imzalayıb. Daha sonra o, 2012-ci ilin iyun ayında “zolaqlılar”la müqaviləsini yeniləyib. Paytaxt təmsilçisinin heyətində isə Maris 27 oyunda 3 qol vurub.

Verpakovski Latviya millisində ilk debütünü 1999-cu ilin sentyabrın 9-da Yunanıstan yığması ilə görüşdə edib. Beynəlxalq matçlarda ən uğurlu oyunları AÇ-2004-ə təsadüf edir. Keçirdiyi 10 oyunda 6 qol vurub. O, millidə ən çox qol vuran futbolçu Marian Paharsı üstələyərək adını Latviya futbol tarixinə yazdırıb. Marisin aktivində 28 top var. Futbolçu 2003-2004-cü illərdə Latviyada ilin adamı və iki dəfə ən yaxşı oyunçu seçilib.