Türk klubunun adı oyun alverində
05.02.2013 - 21:40
Türk klubunun adı oyun alverində
Türkiyənin “Fənərbaxça” klubunun danışılmış oyunlarda iştirakına dair daha bir şok iddia ortaya atılıb. Lent.az-ın məlumatına görə, Almaniyanın “Bild” nəşrində yer alan danışılmış oyunlar siyahısına “Fənər”in 2009-2010-cu il mövsümündə Macarıstan “Honved”i ilə keçirdiyi Avropa Liqasının təsnifat matçı da düşüb.

2009-cu il iyulun 30-da İstanbulda baş tutan həmin görüş Türkiyə təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:1. “Bild”in siyahısındakı digər görüşlər isə bunlardır:

Çempionlar Liqası

“Stabek” (Norveç) - “Tirana” (Albaniya) – 4:0 (21.07.2009)

Avropa Liqası

“Rapid” (Vyana, Avstriya) – “Vlajniya” (Albaniya) – 5:0 (16.07.2009)
“Vlajniya (Albaniya) – “Rapid” (Vyana, Avstriya) – 0:3 (23.07. 2009)
“İnterblok (Sloveniya) – “Metalurq (Donetsk, Ukrayna) – 0:3 (06.08.2009)

Qeyd edək ki, Avropa Polisi Agentliyinin rəhbəri Rob Ueynrayt dünya çempionatı, Avropa çempionatı və Avropa kubokları da daxil olmaqla, 380-dən çox matçın danışılmış olmasına dair açıqlama verib. O, olaylarda 15 ölkədən 425 rəsmi şəxs və futbolçunun adının hallandığını bildirib. Həmin şəxslərdən 155-i Almaniyada, 66-sı Türkiyədə, 29-u İsveçrədə, qalanları isə Avropanın müxtəlif ölkələrindədir.