“Xəzər Lənkəran” üzvlərinin Antalya təəssüratları
08.02.2013 - 12:29
“Xəzər Lənkəran” üzvlərinin Antalya təəssüratları
“Xəzər Lənkəran”ın üzvləri Türkiyədə keçirilən təlim-məşq toplanışı barədə fikirlərini açıqlayıblar. Apasport.az-ın məlumatına görə, məşqçilər korpusu və futbolçu heyətinin bəziləri klubun rəsmi saytına Antalya hazırlıqları barədə danışıblar.

İspaniyalı baş məşqçi Karles Martorell düşərgədə hər şeyin yaxşı olmasından razı qalıb: “Çox yaxşı təlim-məşqlərimiz oldu. Ancaq təəssüf ki, biz bütün komandayla işləyə bilmədik. Bu həftə tam heyətlə işləmək imkanımız olacaq. Bundan başqa, demək olar 4 həftə bundan öncə Antalyaya gələn “Xəzər Lənkəran”la hazırkı komanda arasında böyük fərq var. Bizim ard-arda oyunlarımız çox olurdu və matçlar ərzində biz oyunçu dəyişikliyi edə bilmirdik. Buna görə də futbolçular çox yorğun idilər. İndi bizim 18 futbolçumuz var və bu onlar arasındakı rəqabəti artırır. Bu, komanda üçün çox yaxşıdır”.

Mütəxəssis yoxlama oyunlarına da toxunub: “Yoldaşlıq oyunlarına gəlincə, ilk üç oyun komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq üçün keçirildi. Bu matçların nəticələri çox da vacib deyildi. Amma son iki matçı biz fərqli oynadıq, biz tam olaraq topa sahib ola bildik. Düşünürəm ki, bu gün komanda kifayət qədər yaxşı vəziyyətdədir”.

Fiziki hazırlıq üzrə məşqçi Erik Roketa futbolçuların 3 həftəlik tətil boyu istirahət etməyə və zədələrini sağaltmağa kifayət qədər imkanlarının olmasını qeyd edib: “Ona görə də onlar bu hazırlıqlarda yaxşı çalışdılar. Son üç həftədə biz onların fiziki göstəricilərini və taktikalarını inkişaf etdirmək üçün çalışdıq. Bu, futbolçular üçün çox vacibdir. Çünki onlar növbəti 4 həftə ərzində çempionatın təsnifat mərhələsinin qalan oyunlarına çıxacaqlar və bundan sonra pley-off matçları oynanılacaq. Mən onların fiziki hazırlıqlarını 100% kimi dəyərləndirə bilmərəm, amma bu rəqəm 70-80% ola bilər. Futbolçular düşərgədə ciddi şəkildə işlədilər. Son məşq kifayət qədər intensiv keçdi. Ümumiyyətlə, komandanın yaxşı vəziyyətdə olduğunu düşünürəm”.

Qapıçılarla iş üzrə məşqçi Hafiz Əliyev də hazırlıqlardan razı qalıb: “Ümumiyyətlə hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Uşaqlar fiziki cəhətdən kifayət qədər yükləndilər, təcrübələrini artırdılar və bu, sözsüz ki, qarşıdakı çempionat oyunlarında öz bəhrəsini verməlidi”.

Yarımmüdafiəçi Elnur Abdullayev toplanışın yüksək səviyyədə keçdiyini bildirib: “Bu müddət ərzində yoldaşlıq oyunları keçirdik. Belə oyunların nəticələri o qədər də əhəmiyyət kəsb etmir. Yoldaşlıq oyunlarının məqsədi futbolçuların fiziki durumunu, taktiki gedişlərini müəyyən edib daha da yaxşılaşdırmaqdır. Əsas çempionatdır. Məqsədimiz də “İnter”lə oyuna hazırlaşmaqdır. İnşallah “İnter”lə oyundan qalib çıxarıq”.

Yeni transfer Uğur Pamuk da toplanışdan çox razılıq edib: “Yaxşı hazırlıq keçdik. Ümid edirəm ki, klubun etdiyi transferlər də uğurlu olar və bu öz bəhrəsini tezliklə verər. Əsas məqsədimiz çempionatın təsnifat mərhələsinin son dörd turunda qələbə qazanıb, mübarizəni ilk “altılıq”da davam etməkdir”.

Gənc futbolçu Kazım Kazımlı hazırlığın əla keçməsini qeyd edib: “Artım nəzərə çarpacaq səviyyədədi, bu hiss olunur. Düşünürəm, komandamız qarşıdakı oyunlarda ancaq qələbə qazanaraq öz mövqeyini “altılıq”da möhkəmlədəcək”.

Qapıçı Orxan Sadıqlı isə toplanışın vacibliyini vurğulayıb: “Allahın köməkliyi ilə bunun xeyrini çempionat oyunlarında görərik. Hesab edirəm ki, bu gün biz çempionata tam hazırıq. Toplanış ərzində keçirilən oyunlar yox, bizi əsas maraqlandıran çempionat matclarıdır ki, orada da özümüzü göstərəcəyik inşallah. Camaat bizi gözləyir, biz də onlar üçün darıxmışıq. İnşallah onlarla görüşəcəyik”.

Yunanıstanlı hücumçu Dimitrios Sialmas toplanışın komandanı daha da birləşdirdiyini düşünür: “Düşünürəm ki, biz burada olduğumuz müddətdə hamımız birlikdə bir ailə kimi çalışdıq. Ola bilər ki, biz bəzi yoldaşlıq görüşlərində qələbə qazana bilmədik. Amma bu çox da önəmli deyil. Bizə qarşıdakı pley-off-dan öncəsi matçları qazanmaq lazımdır. Biz Azərbaycana qayıtdıq və bizim burada 4 oyunumuz olacaq. Biz bu oyunlarda qalib gəlməliyik və qalib gələcəyik”.

Bolqarıstanlı müdafiəçi Radomir Todorov təlim-məşq toplanışında öz məşqlərinin daha çox bərpa xarakteri daşımasını qeyd edib: “Tibbi korpus mənim zədədən bərpa olunmağım üçün əlindən gələn hər şeyi edir. Hələlik hər şey qaydasında gedir. Ümid edirəm ki, gələn həftə topla oynamağa və komandayla məşq etməyə başlayacağam. Düşünürəm ki, mənim komandaya kömək etmək üçün təxminən 10 gün hazırlığa ehtiyacım var”.

Rumıniyalı müdafiəçi Adrian Skarlatakenin fikrincə isə çox yaxşı təlim məşq toplanışı keçirilib: “İndi komanda daha yaxşı vəziyyətdədir və biz növbəti oyunlara hazırıq. Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, öz azarkeşlərimiz üçün pley-off mərhələsinə vəsiqə qazanaq. Biz öz azarkeşlərimizə söz veririk ki, biz pley-off öncəsi 4 oyunda qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Yeni transfer Marin Orsuliç də məmnunluğunu gizlətməyib: “Burada olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. “Xəzər Lənkəran” böyük camiədir. Görürəm ki, komanda günü gündən yaxşıya doğru gedir. Burada çox yaxşı oyunçular var. Düşərgə həqiqətən də mükəmməl idi. Bizim üçün şəraitin ən yaxşısı yaradılmışdı: yaxşı meydança, yaxşı otel, yaxşı məşqlər. Bizim hər gün iki dəfə keçirilən məşqlərimiz çox maraqlı idi. Təlim məşq toplanışı ərzində biz ciddi şəkildə işlədik. Düşünürəm ki, biz artıq çempionat oyunlarına hazırıq”.

Rumıniyalı yarımmüdafiəçi Adrian Pit də düşərgədəki məşq prosesindən razı qalıb: “Ümid edirəm ki, biz “İnter”lə oyundan qalib ayrılaraq, pley-off mərhələsindən öncəki digər 3 matçda da qələbə qazanacağıq. Biz bu oyunlara tam hazır olmalıyıq. Bu 4 oyun bizim üçün döyüş kimi keçəcək. Biz bu oyunların hər birində qələbə qazanmalıyıq və əlimizdən gələn hər şeyi etməliyik ki, pley-off mərhələsinə vəsiqə qazanaq. Bu bizim üçün çox önəmlidi”.

Roberto Alviz təlim məşq prosesini uğurla tamamlandığını düşünür: “Toplanışda heç bir futbolçumuz zədələnmədi. 5 oyun oynadıq və düşünürəm ki, biz çempionata hazırıq. Klub bir sıra yeni futbolçular transfer edib. İnanıram ki, onlar bizə kömək edəcəklər. Ümid edirəm ki, bu təlim məşq toplanışı ərzində öz keyfiyyətimizi artırdıq və düşərgənin nəticəsini şəxsən mən 5 balla qiymətləndirərdim”.