Yunis Hüseynovun bəyənmədiyi qapıçı “Şerif”in maraq dairəsində
09.02.2013 - 16:53
Yunis Hüseynovun bəyənmədiyi qapıçı “Şerif”in maraq dairəsində
“Çempionatın ilk yarısında biz Kalançanı izləmişik. Onun xidmətində əvvəlcədən maraqlıyıq. İndi söz klub rəhbərliyinindir. Klublar razılığa gəlsələr, bu futbolçu bizə keçə bilər. Yəqin ki, hazırda klub rəhbərliyi səviyyəsində danışıqlar gedir”. Apasport.az saytının məlumatına görə, bunu “Şerif”in baş məşqçisi Mihay Stoykitse deyib.

Moldovanın ən tanınmış klubu olan “Şerif” “Zimbru”nun qapıçısı Nikolay Kalançanı almaqda maraqlıdır. Ölkə çempionatında özünü yaxşı tərəfdən göstərən qapıçı Tiraspol klubunun hədəfindədir.

Bunu FİFA agenti Leonid İstrati də təsdiqləyib. Ancaq o, rəsmi təklifin olmadığını bildirib: “Kalançaya maraq var, ancaq kluba təklif hələ ki göndərilməyib. Rəhbərlik səviyyəsində danışıqlar da aparılmır. Bir sözlə, ona müəyyən maraq var, ancaq hələ ki ortada konkret bir şey yoxdur”.

Qeyd edək ki, Kalança cənublu azarkeşlərə yaxşı tanışdır. Yunis Hüseynovun dövründə “Xəzər Lənkəran” bu futbolçunu almaq istəyirdi. Hətta moldovalı qolkiper bunun üçün avqustda Lənkərana da gəlmişdi. Hüseynov əvvəl Kalançanı bəyəndiyini açıqlasa da, sonradan futbolçunun xidmətindən imtina etmişdi.