Təmsilçilərimizin komandasının növbəti sınağı
10.02.2013 - 06:18
Təmsilçilərimizin komandasının növbəti sınağı
Azərbaycanlı futbolçular Rail Məlikovla Arif İsayevin şərəfini qoruduqları “Dənizlispor” bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin komandası Türkiyə PTT 1-ci liqasının 21-ci turunda doğma publika önündə “Tavşanlı Linyitspor”la üz-üzə gələcək.

Bu qarşılaşmada müdafiəçimiz Məlikov məlum məsələ ilə əlaqədar olaraq forma geyinə bilməyəcək. Belə ki, ötən tur o, “Adana Dəmirspor”la (1:2) matçın 53-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulmuşdur. Daha sonra Türkiyə Futbol Federasiyası (TFF) Raili üç oyunluq və 5 min türk lirəsi məbləğində cəzalandırmışdır.

İsayev isə zədəli olduğu üçün “Adana Dəmirspor”la qarşılaşmada komandasını yalnız qoymuşdur. “Tavşanlı Linyitspor”la matçda isə onun meydana çıxması maraqla gözlənilir.

Qeyd edək ki, Dənizli təmsilçisi 24 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Tavşanlı Linyitspor” isə 19 xalla autsayder “Ankaragücü”ndən 1 pillə öndədir.