Burak Yılmaz Ronaldo ilə birgə zirvədədir
21.02.2013 - 03:08
Burak Yılmaz Ronaldo ilə birgə zirvədədir
Çempionlar Liqasının qrup mərhələsini 6 qolla başa vuran Burak Yılmaz “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo ilə birgə bombardirlər siyahısına başçılıq edir. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun portuqaliyalı hücumçusu fevralın 13-də “Mançester Yunayted”lə qarşılaşmada fərqlənərək qollarının sayını 7-yə çıxarıb və Türkiyə milli komandasının üzvünü 1 top geridə qoyub.

Lakin “Cim-Bom”un futbolçusu ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə matçın 12-ci dəqiqəsində “Şalke”nin qapısına yol taparaq Avropanın ən mötəbər klub turnirində 7-ci qolunu vurmuş olub.

Qeyd edək ki, Çempionlar Liqasında 7 qolla Burak türk klublarının forması ilə bir mövsümdə ən çox top vuran futbolçu ünvanına sahib olub. Buna qədər isə bu rekord 6 qolla Qalatasaray”ın sabiq futbolçusu Mario Jardelin əlinə idi. Həmçinin Yılmaz Çempionlar Liqasında ard-arda 5 oyunda fərqlənən ilk türk futbolçu olaraq tarixə düşüb. O, bu turnirdə 13 qol vuran Hakan Şükürdən sonra 2-ci pillədə qərarlaşıb.
0