“Çempionluq uğrunda 3 komanda mübarizə aparacaq”
28.02.2013 - 10:58
“Çempionluq uğrunda 3 komanda mübarizə aparacaq”
“21-ci turdan sonra vəziyyət bir qədər də qəlizləşdi. “Bakı”, “Xəzər Lənkəran” və AZAL-ın ilk “altılığ”a düşməsində şəxsi oyunlardakı üstünlükləri əsas rol oynayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin sabiq baş məşqçisi Əsgər Abdullayev deyib.

Hazırda işsiz olan mütəxəssis Topaz Premyer Liqasında əsas mərhələnin son turu ərəfəsində ilk “altılığ”a düşməyə namizəd komandaların şanslarını dəyərləndirib. Belə ki, mükafatlar uğrunda mübarizəni davam etdirəcək 5 komandanın adı dəqiqləşib. Sonuncu vəsiqəyə isə 3 namizəd var: “Bakı”, “Xəzər Lənkəran” və AZAL.

Abdullayevin fikrincə, “Bakı”nın şansı daha yüksəkdir. Çünki digər 2 klubun taleyi öz əlində deyil: “Bakı” şəxsi oyunlarda üstünlüyə malikdir. Son turda “Rəvan”ı qəbul edəcək. Düzdür, futbolda hər nəticə qeydə alına bilər, ancaq “Bakı”nın bu şansı əldən verəcəyinə inanmıram. “Xəzər Lənkəran”a gəlincə, nisbətən zəif rəqiblə qarşılaşacaq. Mütləq qələbə qazanıb, “Bakı”nın büdrəməsini gözləməlidir. “Bakı” ilə müqayisədə onların vəsiqə qazanmaq şansı azdır”.

AZAL-a gəlincə, Abdullayev “təyyarəçilər”in şansının daha az olduğunu vurğulayıb: “AZAL sonuncu turda evdə “Qəbələ” ilə qarşılaşacaq. Ancaq əsas rəqiblərindən bir xal geridə olması onların işini çətinləşdirir. Bununla belə, AZAL-ın sonacan mübarizə aparacağı dəqiqdir. Çempionluq yarışına gəlincə, hesab edirəm 3 komanda sonacan mübarizə aparacaq. Təbii ki, qışda düzgün seleksiya edən komanda bir addım öndədir”.