Tüpürmək limiti və ya Böyükağa Hacıyev sözünü tutmadı
04.03.2013 - 11:12
Tüpürmək limiti və ya Böyükağa Hacıyev sözünü tutmadı
“Qarşılaşmadan dərhal sonra məşqçi heyəti və futbolçuların iştirakı ilə toplantı keçirib, klub rəhbərliyinə hesabat təqdim etdik. Məşqçilər heyətinin birgə rəyi ilə Cavid İmamverdiyevin əvəzedici heyətə göndərilməsi qərara alındı. Bu gün “Neftçi”nin formasında meydana çıxan hər bir futbolçu göstərdiyi oyun və intizamı ilə hamıya nümunə olmalıdır. Bu qaydaları pozan futbolçu kimliyindən asılı olmayaraq, etdiyi hərəkətə görə cavab verməlidir”. Bu, həftəortası “Simurq”la Zaqataladakı oyunun ertəsi günü isti başla verilmiş açıqlamadır.

Yəqin ki, fikirlərin kimə məxsus olmasını xatırlamaqda çətinlik çəkmədiz... Bəli, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Heç dediyi sözlərin 7-si tamam olmadı...

“Emin Mehdiyevi Cavid İmamverdiyevlə əvəzlədim. Cavid də oyunda özünü pis göstərmədi”. Bu da həmin şəxsə aiddir və son turun “Turan”la qarşılaşmasından sonra bu açıqlama PFL kameralarında qeydə alınıb. Ancaq bu dəfə fərqli məzmunda.

Belə ki, oyunun fasiləsində “Neftçi”nin forması ilə etik qaydalara tüpürən İmamverdiyev meydana çıxıb, hələ qol da vurub... Halbuki, hamı Cavidin əvəzedici komandada “xariqələr” yaradacağını gözləyirdi.

Sən demə, bundan öncə “Neftçi”nin rəsmi saytı açıqlama ilə çıxış edib ki, Cavid klub prezidentindən bağışlanmasını istəyib. Bu məsələdən ötrü toplantı keçirən rəhbərlik də ilk dəfə belə bir hərəkətə yol verdiyini nəzərə alıb futbolçunu bağışlayıb. İndi bir sual doğur: bəs “Neftçi”nin futbolçusu intizamı ilə hamıya nümunə olmalı idi?

Belə çıxır ki, hələ Erik Ramosun, Flavinyonun, Nikolas Kanalesin, Elvin Yunuszadənin, Araz Abdullayevin, Tərlan Quliyevin və digərlərinin bir tüpürmək limiti var. Onlar da hər hansı bir rəqib futbolçunun üzünə tüpürsə, deyiləcək ki, OLAN ŞEYDİR, İLK DƏFƏ EDİR, GƏLİN ONU BAĞIŞLAYAQ. Ayıbdır, vallah. Bunlar məgər o dərəcədə uşaqdırlar ki, etdiyi hərəkətin məsuliyyətini anlamırlar?

Üzə tüpürməyin nə dərəcədə tərbiyəsiz hərəkət olmasını anlamırlarsa, futbolçunu əvəzedici komandaya da göndərmək olmaz. Onun yeri birbaşa islahedici koloniyalardır.

“Neftçi”nin formasında meydana çıxan hər bir futbolçu göstərdiyi oyun və intizamı ilə hamıya nümunə olmalıdır. Bu qaydaları pozan futbolçu kimliyindən asılı olmayaraq, etdiyi hərəkətə görə cavab verməlidir” - deyə, isti başla açıqlanan sözlər ya ağızdan çıxmamalıdır, ya da çıxıbsa, İmamverdiyev cəzalanmalıdır. Bunun başqa yolu yoxdur!