Georgi Nikolov: Çempion olmasaq...
04.03.2013 - 14:33
Georgi Nikolov: Çempion olmasaq...
“Komandamız son 2 oyuna qədər 6 xal toplamışdı. Çempionatda 2 ciddi rəqib - səfərdə “Xəzər Lənkəran”ı, evdə “Qəbələ”ni məğlub etdik. “Düzdür, “Neftçi” ilə matçda oyunumuz alınmadı. “Qarabağ” bizim üçün ənənəvi olaraq münasib rəqib deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”in prezidenti Georgi Nikolov deyib. Qış çempionu olan komandası son 2 turda əsas rəqiblərindən olan “Neftçi” ilə “Qarabağ”la oyunlarda qalib gəlməyərək, qol da vura bilməyib.

Bu 5 xal itkisini ciddi problem saymayan Nikolov çempionatda uğurlu çıxışla bağlı nikbindir: “Mən düşünürəm ki, final mərhələsinə uğurla başlayaraq, hər şey bizim üçün yaxşı gedəcək. Çempion olsaq, bu, gözəl olardı. Ancaq bunu qazana bilməsək, Avropaya vəsiqə qazanmaqla bağlı minimum vəzifə qalacaq. Bizim ora ölkə kubokundan da çıxmağa şansımız var. “Bakı” ilə səfərdə 1:1 hesablı bərabərliyi yaxşı nəticə sayıram. Ancaq rəqibimiz hazırda yüksəlişdə olduğundan, arxayınlaşmayıb, cavab matçına ciddi hazırlaşmalıyıq”.