“Düşünürəm ki, oyun sizin xoşunuza gələcək”
05.03.2013 - 07:10
“Düşünürəm ki, oyun sizin xoşunuza gələcək”
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusson bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, şotlandiyalı çalışdırıcı qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında hər iki komandanın qol vuracağını ifadə edib.

O, rəqiblərindən daha çox qol vurmaq istədiyini vurğulayıb: “Mən düşünürəm ki, bu matçda qollar olacaq. Hər iki komanda fərqlənəcək. Əsas odur ki, biz rəqibimizdən daha çox top vuraq. “Real”la görüş böyük ajiotaja səbəb olur. Bizim məşqimizdə çoxlu fotoqraf və müxbirlər iştirak etdi. Bu da onu təsdiq edir ki, “Mançester Yunayted”lə “Real”ın qarşılaşmasına maraq böyükdür. Hər iki komanda əla formadadır. “Real” həftədə iki “El Klassiko” oynadı və qalib gəldilər. Bu da onlara öz güclərində əminlik hiss etməyə kömək etdi. Düşünürəm ki, bu oyun çox gözəl alınacaq. Siz bu matça baxıb məyus olmayacaqsınız”.

Qeyd edək ki, “Mançester Yunayted” - “Real” matçı bu gün, Bakı vaxtı ilə saat 23.45-də başlanacaq. Bu komandaların “Santyaqo Bernabeu”dakı ilk oyunu 1:1 hesabı ilə başa çatıb.