“Simurq”un müdafiə xətti daha güclüdür” – MÜSAHİBƏ
05.03.2013 - 16:45
“Simurq”un müdafiə xətti daha güclüdür” – MÜSAHİBƏ
“Simurq” klubunun kapitanı Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi

- Ölkə kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab matçına hazırlıq necə gedir?
- “Kəpəz”lə qarşılaşmadan sonra Bakıda qaldıq. Cavab oyunu təbii örtüklü meydançada olacağından Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlaşırıq. Əsas odur ilk oyunda qol buraxmadıq. Mərhələ keçməyə çalışacağıq.

- Adətən kubok mübarizəsində hər bir komanda məsələni öz meydanında həll etməyə çalışır. “Simurq” isə müdafiəyə çəkilməklə, qapısının toxunulmazlığını düşündü. Niyə Zaqatalada uduzmamaq üçün deyil, qələbə uğrunda mübarizə aparmadınız?
- Düzgün qeyd edirsiniz. Ancaq biz zəif rəqiblə qarşılaşmırdıq. Ona görə ilk növbədə qol buraxmamağa çalışdıq. Çünki qol buraxsaydıq, cavab oyununda çətin olacaqdı. Bu tapşırığa əməl etməklə yanaşı, şanslarımızdan da istifadə etməli idik. Şans oldu, amma yararlana bilmədik.

- Cari mövsümdə 3 dəfə qarşılaşdığınız və heç bir oyunda məğlub edə bilmədiyiniz “Neftçi” ilə səfərdə bacaracağınıza inanırsınız?
- Rəqibin bütün oyunlarını analiz etməliyik. Əsas məsələ istəkli olmağımızla bağlıdır.

- Deməli, çox istəklisiz...
- Əlbəttə.

- Şansları necə dəyərləndirirsiniz?
- 50-nin 50-yə.

- Çempionatda əsas mərhələ başa çatıb. 22 turu necə dəyərləndirirsiniz?
- Bizim üçün pis nəticə deyil. Komanda Pokoranın baş məşqçiliyi dövrü istisna olmaqla, heç vaxt liderlər qrupunda qərarlaşmayıb. Əksinə, həmişə çempionatda qalmaq uğrunda oynayıb. İndi hər şey yaxşıdı və “Simurq” öz yerini tutub.

- Komandanın bundan sonra məqsədi nədir?
- Mövsümün əvvəlində qarşımıza ilk “altılığ”a düşmək tapşırığı qoyulmuşdu. Bunu bacardıq. İndi avrokuboklara vəsiqə qazanmalıyıq.

- “Simurq” iddialılara qarşı əzmkar mübarizə aparsa da, zəif rəqiblərlə oyunlarda xal itirir. Avrokuboklara çıxmaq istəyən komanda sabit nəticələr qazanmalıdır. Razısınızmı?
- Bildim, son oyuna işarə vurursunuz. “Kəpəz” autsayder olsa da, həmin qarşılaşmada uşaqlar pis oynamadı. Özlərini yaxşı tərəfdən göstərdilər. Erkən qol buraxmağımız bir qədər işimizi çətinləşdirdi. Sonra çox çalışsaq da, qələbə topunu vura bilmədik.

- Ola bilərmi ki, “Simurq” ilk “altılığ”a avrokuboklara vəsiqə üçün yox, “İnter”ə kömək etmək üçün düşsün?
- Belə planımız yoxdur. Bu cür söz-söhbətlər çox yayılıb. “Bakı” ilə oyundan əvvəl də onlara 3 xal verəcəyimizi deyirdilər. Ancaq belə olmadı. Əslində, avrokuboklara vəsiqə qazanmasaq faciə olmayacaq. Bacarmasaq, növbəti mövsümə hazırlaşacağıq. Ancaq şansımız var.

- “Simurq un müdafiəyə meylli oynaması nə ilə bağlıdır?
- Komandanın müdafiə xətti daha güclüdür. Əsas məqsədimiz top buraxmamaqdır. Gücümüz müdafiədədir.