Bizdə Konfrans, UEFA-da püşkatma
05.03.2013 - 18:45
Bizdə Konfrans, UEFA-da püşkatma
Martın 15-də Çempionlar Liqasının və Avroliqanın 1/4 mərhələlərinin püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbirdə hər 2 turnirdə mübarizəni davam etdirən 8 komandanın rəqiblərinə aydınlıq gələcək.

Bu zaman heç bir məhdudiyyət – səpələnmişlər, səpələnməmişlər olmayacaq və bir qrupda yer almış, eyni ölkəni təmsil edən komandalar düşə bilər. Püşkatmanı keçirəcək UEFA-nın baş katibi Canni İnfantino ilə turnirlər üzrə direktoru Corcio Markettiyə səfir qismində ötənlərin məşhur futbolçuları - Stiv Makmanamanla Patrik Kluyvert yardımçı olacaq. Makmanaman ÇL-nin Londonda “Uembli” stadionunda, Kluyvert isə Avroliqada “Amsterdam Arena”da final oyununun səfiridir.

Avropanın ən nüfuzlu klub turnirində ilk 1/4 final oyunları aprelin 2-də və 3-də, cavab matçları 9-da və 10-da keçiriləcək. Avroliqada isə bu mərhələnin oyunları aprelin 4-ü və 11-ə təyin olunub.

Qeyd edək ki, martın 15-də AFFA-nın hesabat Konfransı keçiriləcək.