“Rəvan”ın futbolçusu hələ “ölməyib”
05.03.2013 - 18:54
“Rəvan”ın futbolçusu hələ “ölməyib”
"Əlbəttə ki, milliyə çağırıldığım üçün çox sevinirəm. 2 il yarım sizə zarafat gəlməsin. Hər şey Zaporojye "Metallurq”unda yaşadığım problem və bu səbəbdən 1 ilə yaxın oynaya bilməməyimlə başlamışdı. Çox sevinirəm ki, artıq bu qara zolağı arxada qoya bildim”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın litvalı yarımmüdafiəçisi Mindauqas Kalonas deyib.

“Rəvan”ın heyətində keçirdiyi ilk 3 oyununda 3 qol vurmaqla diqqətləri üzərinə çəkən litvalı futbolçu bu nəticəylə klubunun tarixinə düşməyi bacarıb. İndi o, Litva millisinin macar çalışdırıcısı Çaba Laslonun detimadını doğrultmaq üçün əlinə düşən şansdan maksimum yararlanmalıdır.

Belə ki, litvalılar martın 22-də seçmə mərhələ çərçivəsində Jilinada Slovakiya millisinin qonağı olacaq. Bundan 4 gün sonra isə Baltikyanı ölkənin yığma komandası Tiranada Ansi Aqollinin çıxış etdiyi Albaniya millisinə qarşı yoldaşlıq görüşü keçirəcək. Məhz bu görüşlərə Kalonas da çağırılıb.

Uzun fasilədən sonra milliyə dəvət alması bağlı Kalonasın fikirləri belə olub: "Milliyə dəvət almağımda "Rəvan”ın da danılmaz rolu var. Rəhbərliyə və məşqçilər korpusuna mənə etimad göstərdiklərinə görə təşəkkür edirəm. İndi Litva millisində həm də klubun nümayəndəsi kimi çıxış edəcəm. Həm özümün, həm də klubun imicini qaldırmaq üçün əlimdən gələni edəcəm. Sübut edəcəm ki, Kalonas hələ "ölməyib”, futbol oynamağı bacarır. Sadəcə, ona şans vermək lazımdır”.