Məğlubiyyətdə Cüneyt Çakır günahlandırıldı
06.03.2013 - 04:05
Məğlubiyyətdə Cüneyt Çakır günahlandırıldı
Çempionlar Liqasında “Mançester Yunayted”lə “Real” arasında baş tutan 1/8 final mərhələsinin cavab oyun günündə, rəqibi üzərində inamlı qazanıb növbəti mərhələyə keçən Madrid təmsilçisindən çox diqqətlər Cüneyt Çakırın idarə etdiyi matça yönəlib. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra çox əsəbi görünən “qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyusson təşkil edilən mətbuat konfransında iştirak etməyib. Təcrübəli şotlandiyalı çalışdırıcının yerinə isə jurnalistlərin suallarını onun köməkçisi Mayk Felan cavablandırıb.

O, futbolçularının məyus olduğunu vurğulayıb: “Paltardəyişmə otağında məyus bir baş məşqçi və yıxılmış halda olan oyunçular var. Ona görə də mən buradayam”. Matç 0:0 hesablı bərabərliklə davam edəndə işlər yaxşı gedirdi. Qol imkanı əldə edib bir addım daha önə keçdik. Hakimin verdiyi qərar isə inanılmaz idi. Amma əlimizdən gələni etməyə çalışdıq. “Real”a qarşı 1 nəfərlə az oynamaq çox çətindir. Dünyanın diqqəti üzərində olduğu bu matçda 10 nəfər qaldıqdan sonra komanda ruhdan düşdü”.

Felan “Ferqyussonun özü mətbuat konfransına niyə gəlmədi” sualına isə belə cavab verib: “Onun hakimin verdiyi qərarla bağlı olaraq danışacaq vəziyyətdə olduğunu düşünmürəm. Hadisəyə hamımız şahidlik etdik və nə qədər ağır və ağla sığmaz bir qərar olduğunu gördük”.

Qeyd edək ki, oyunda 1:0 hesabı ilə öndə olan “Mançester Yunayted” 57-ci dəqiqədə 1 nəfər azlıqda qalıb. Belə ki, matçın baş hakimi Cüneyt Çakır meydan sahiblərinin heyətində Luiş Naniyə birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub.