“Bir xala çox ehtiyacımız vardı”
06.03.2013 - 06:00
“Bir xala çox ehtiyacımız vardı”
"Ağır oyun oldu. Matçın gedişində hesabda önə çıxsaq da, təəssüf ki, hesabı saxlaya bilmədik". Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Şahin Kərimova məxsusdur.

Son turda “Simurq”a qarşı görüşdə komandanı kapitan kimi meydana çıxarıb, qol da vurmağı bacaran Kərimov əldə olunan bir xal da hamının payı olduğunu bildirib: “Mən qol vurmaqla öz işimi gördüm. Qol vəziyyətini komanda yoldaşlarım yaratmışdı. Mən sadəcə epizodu tamamladım. Hamının əziyyəti var və bunu danmaq olmaz. Bir xala çox ehtiyacımız vardı”.

Kərimov qazanılan bir xalın komandanın gələcək çıxışına müsbət mənada təsir edəcəyini sözlərinə əlavə edib: “Qara zolağa düşmüşdük. Nə xal qazana, nə də ki, qol vura bilirdik. İnanıram ki, uğursuzluğa son qoyduq. İndi məqsəd bunun ardını gətirməkdi. Altılıq oyunlarında yaxşı çıxış etməliyik. Başqa yolumuz yoxdur”.