Soçidə yığmamıza qiymət: Azərbaycan tam fərqli mətbəxdir
06.03.2013 - 10:18
Soçidə yığmamıza qiymət: Azərbaycan tam fərqli mətbəxdir
“Kuban baharı” turnirinin keçirilməsi Soçi üçün də, “Sputnik” İdman Sağlamlıq Kompleksi üçün də əlamətdar hadisəyə çevrilib. Artıq 4-cü ildir ki, yarışa ev sahibliyi edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın Soçi şəhərindəki “Sputnik” İdman Sağlamlıq Kompleksinin baş direktoru Olqa Qusarova deyib.

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının da iştirak etdiyi “Kuban baharı” turnirinin təşkilatçılarından olan idman qurğusunun rəhbəri yarış ərəfəsində baş tutan mətbuat konfransında çıxış edərək fikirlərini açıqlayıb: “İştirakçılar müxtəlif mədəniyyət və ənənələrə malik ölkələri təmsil edir. Biz də onları qəbul etdikcə çox şey öyrənirik. O cümlədən də müxtəlif millətlərlə münasibətləri. Bu il Azərbaycan və İran da turnirin iştirakçıları sırasında olacaq. Bu ölkələr tam fərqli mətbəxdir”.

O bildirib ki, komandalar üçün milli axşamlar da təşkil olunacaq. Bu tədbirlərdə iştirakçılar mahnılar oxuyur, rəqs edirlər: “Bu tədbirlərdə qızların necə yaxşı futbol oynaması ilə yanaşı bacardıqlarının da şahidi olacağıq. Onlar rəqs edəcək, mahnılar oxuyacaqlar”.