“Əsas sual budur: Nani qəsdən kobudluq edib, yoxsa?”
06.03.2013 - 12:01
“Əsas sual budur: Nani qəsdən kobudluq edib, yoxsa?”
“UEFA Hakimlər Komitəsinin son qərarına görə, hər hansı bir hərəkət futbolçunun zədə almasına gətirib çıxarırsa, bu, birmənalı olaraq qırmızı vərəqədir. Ancaq Cüneyt Çakırın qırmızı vərəqə ilə cəzalandırdığı Nani həmin epizodda bilərəkdən kobudluq etməmişdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında sabiq FİFA hakimi Babək Quliyev deyib.

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində dünən gecə keçirilən “Mançester Yunayted” - “Real” matçında (1:2) türkiyəli baş hakim Cüneyt Çakırın ikinci hissənin əvvəlində portuqaliyalı futbolçu Naniyə göstərdiyi qırmızı vərəqə böyük müzakirə obyektinə çevrilib.

Belə ki, çoxları Çakırın həmin epizodda həddən artıq sərt və səhv qərar çıxardığını düşünür.

Quliyevin fikrincə, türkiyəli həmin epizodda sarı vərəqə ilə kifayətlənə bilərmiş: “Epizoda fikir versək, Nani ayağını qaldırarkən üzü başqa tərəfdə olur. Yəni, xətər yetirdiyi “Real”ın futbolçusunu görmür, topa baxır. Əsas sual budur: Nani qəsdən kobudluq edib, yoxsa? Epizoda əvvəldən sona kimi baxanda, bunun qəsdən edilmədiyini görərik. Ancaq meydanda olanda qərar qəbul etmək başqa, kənardan fikir bildirmək başqa. Əgər hakim epizodu əvvəldən sona kimi görsəydi, “sarı” göstərərdi. Ancaq Çakır axırıncı, yəni zərbə anını gördüyündən, birbaşa qırmızı vərəqə verdi”.