Ramiz Məmmədov: Onun mənə çox böyük köməyi dəydi
06.03.2013 - 15:55
Ramiz Məmmədov: Onun mənə çox böyük köməyi dəydi
“Mehmet Binnətlə xeyli vaxtdır tanışam. “Turan”da oynadığım vaxt ayağım sınmışdı. O zaman onun mənə çox böyük köməyi dəydi. İdmana dönüşüm sual altında idi. Çox ağır zədə almışdım. Ancaq o, məni idmana yenidən bağladı”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

Milli komandamızın sabiq futbolçusu olan Məmmədov “Acıbadem”in “Qəbələ” ilə əməkdaşlığının uzun ömürlü olmasını istədiyini bildirib.

O, “Turan”da oynayarkən ayağından əməliyyat olunmasından başqa, məşqçi işləyərkən də məşhur idman həkimi Mehmet Binnətin ona köməyinin dəydiyini xatırlayıb: “Karaqanda “Şaxtyor”u ilə oynayan vaxt Aleksandr Mulgin adlı 21 yaşdan az gənc futbolçumuz zədələndi. Qazaxıstanda müalicə etmək mümkün olsa da, mən Mehmet bəyə zəng etdim. Həmin futbolçunun demək olar ki, pulsuz müalicə almasında onun köməyi oldu. Halbuki Almaniya və İsraildə müalicə olunmağına çox böyük miqdarda pul “oxunmuşdu”. Eləcə də Mingəçevirdən Elşən adlı futbolçunun əməliyyat olunmasında Mehmet bəyin köməyi dəyib”.

Səbuhi TOFİQOĞLU