“Zenit” uduzdu, “Rubin” və “Anji” heç-heçə etdi
08.03.2013 - 02:00
“Zenit” uduzdu, “Rubin” və “Anji” heç-heçə etdi
Avroliqada 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə səkkiz qarşılaşma baş tutub.

Mübarizəyə öncə Rusiyanın paytaxtı Moskvada start verilib. Burada “Anji” “Nyukasl”ı qonaq edib. “Lujniki” stadionunda reallaşan oyunda tərəflər hesabı aça bilməyib və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Rusiyanın digər təmsilçiləri isə səfər matçlarına çıxıblar. Milli komandamızın müdafiəçisi Ruslan Abışovun düşərgəsində olduğu “Rubin” ötən mərhələdə olduğu kimi ilk matçını İspaniyada keçirərək, “Atletiko”nun ardınca “Levante”nin qonağı olub. Təmsilçimizin komandası Mahaçqala klubu kimi meydandan 0:0 hesablı bərabərliklə ayrılıb.

“Zenit” isə “Bazel”lə münasibətlərini aydınlıq gətirib. Bu görüşdə ruslar “Anji” və “Rubin”dən fərqli olaraq məğlub olublar – 2:0.

Türkiyənin turnirdə yeganə təmsilçisi “Fənərbaxça” da bu mərhələdə ilk matçını rəqib meydanında keçirib, Çexiyada “Viktoriya” ilə üzləşib. Azərbaycan futbolsevərlərində azarkeşlik etdiyi İstanbul klubu səfərdə minimal hesablı qələbəyə sevinərək, cavab oyun öncəsi bğyük üstünlük əldə edib.


7 mart
“Anji” (Rusiya) – “Nyukasl” (İngiltərə) - 0:0

“Viktoriya” (Çexiya) – “Fənərbaxça” (Türkiyə) - 0:1
Qol: Vebo, 81

“Ştutqart” (Almaniya) – “Latsio” (İtaliya) - 0:2
Qollar: Ederson, 21, Onazi, 56

“Styaua” (Rumıniya) – “Çelsi” (İngiltərə) - 1:0
Qol: Rusesku, 34

“Benfika” (Portuqaliya) – “Bordo” (Fransa) - 1:0
Qol: Moreno, 21

“Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya) - 3:0
Qollar: Beyl, 6, Siqurdsson, 18, Vertongen, 53

“Levante” (İspaniya) – “Rubin” (Kazan) - 0:0

“Bazel” (İsveçrə) – “Zenit” (Rusiya) - 2:0
Qollar: Dias, 83, Frey, 90+3