UEFA Cüneyt Çakırı dəstəklədi
06.03.2013 - 18:04
UEFA Cüneyt Çakırı dəstəklədi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Mançester Yunayted” – “Real” matçının baş hakimi Cüneyt Çakırın idarəçiliyinə qiymət verib. Apasport.az saytının məlumatına görə, türkiyəliyə dəstək nümayiş etdirən qitə futbol qurumu onun hakimliyinə iradının olmadığını açıqlayıb.

Çakırın “Mançester Yunayted”in portuqaliyalı futbolçusu Naniyə göstərdiyi birbaşa qırmızı vərəqə böyük söz-söhbətə səbəb olub. UEFA bildirib ki, bu qərarla bağlı heç bir etirazları yoxdur. Düzdür, proseduranın tələb etdiyi hakim-inspektorla UEFA nümayəndələrinin rəsmi hesabatlarını gözləyib, bundan sonra açıqlama verəcəklər.

Maraqlıdır ki, Çakırın beynəlxalq miqyasda göstərdiyi növbəti qırmızı vərəqə də İngiltərə komandasına olub. O, “Mançester Siti” – “Dinamo” (Kiyev) oyununda Mario Balotellini, “Çelsi”nin “Barselona” və “Korintians”la matçlarında Con Terri ilə Qari Keyhilli, İngiltərə - Ukrayna qarşılaşmasında Stiven Cerrardı meydandan qovub.