Vüqar Nadirov: Üstünlük oyundan sonra olacaq - MÜSAHİBƏ
07.03.2013 - 12:40
Vüqar Nadirov: Üstünlük oyundan sonra olacaq - MÜSAHİBƏ
“Qarabağ” klubunun yarımmüdafiəçisi Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

- Bu gün ölkə kubokunun 1/4 final mərhələsində “Qəbələ” ilə cavab matçına çıxacaqsınız. Komanda oyuna hazırdırmı?
- Təbii ki. Rəqibin kimliyindən asılı olmayaraq, biz hər bir qarşılaşmaya ciddi hazırlaşıb maksimum nəticə qazanmağa çalışırıq.

- İlk qarşılaşma qollu heç-heçə ilə başa çatıb. Demək olarmı ki, üstün tərəf “Qarabağ”dır?
- Bizim üçün oyun bu gün başlayacaq. Yəni, meydana əvvəlki qarşılaşmanın nəticəsinə arxayın olub çıxmayacağıq. Bu günkü mübarizə kimin yarımfinala adlayacağını göstərəcək. Arxayınlaşmaq olmaz.

- Səfərdə vurulan qolu üstünlük hesab etmirsiniz?
- Üstünlüyümüz oyundan sonra olacaq. Yenə deyirəm, qələbə qazanıb, yolumuza davam etmək istəyirik.

- Rəqibi analiz edə bilmisinizmi?
- Rəqibin zəif və güclü cəhətlərini müəyyənləşdirmişik. Oyun zamanı həmin zəif cəhətlərindən yararlanmağa çalışacağıq.

- Rəqibin hansı zəif və güclü cəhətlərini qeyd edə bilərsiniz?
- “Qəbələ”də Dodo, Kamanan, Mendi “trio”su irəlidə yaxşı top saxlayır, driblinqlər edirlər. Ancaq müdafiədə boşluqları olur. Biz də çalışacağıq ki, bu boşluqlardan maksimum yararlanaq.

- Son oyunda 6 top buraxması “Qəbələ”də hansısa problemin olmasından xəbər verirmi?
- Həmin görüşü izləməmişik. Bilirik ki, güclərini kubok oyununa saxlayıblar. Həm də əsas heyətin əksər üzvlərinə şans verməmişdilər.

- Hər halda, iddialı komandanın bir matçda bu qədər qol buraxması da başadüşülən deyil...
- Bu haqda biz söz deyə bilmərəm. Amma o dəqiqdir ki, bütün fikirləri kubok oyununa yönəlib.

- “İnter”lə görüşdən sonra baş verənlərlə bağlı son zamanlar müzakirələr aparılır. Futbolçuya qarşı bu cür münasibəti normaldırmı?
- “İnter”lə söz-söhbətimiz olmayıb. Deyilənlərə də fikir vermirik. Hamısı boş-boş şeylərdir. Bizim işimiz futbol oynamaqdır.