Sumqayıtlıların maraq göstərmədiyi komanda – “Kəpəz”
07.03.2013 - 16:28
Sumqayıtlıların maraq göstərmədiyi komanda – “Kəpəz”
“Sumqayıt”ın 20 futbolçusu arxada qalan 22 turda 2 qırmızı və 61 sarı vərəqə ilə cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, komandanın heyətində ən çox sarı vərəqə alan futbolçu Slavik Alxasov və Pərdis Fərcad-Azaddır. Hər iki futbolçunun passivində 8 sarı vərəqə var.

Premyer Liqa ərzində “Sumqayıt”ın 2 üzvü isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bunlar Aftandil Hacıyev və dövrələrarası fasilədə “Xəzər Lənkəran”a transfer olunan Uğur Pamukdur.

“Sumqayıt” Topaz Premyer Liqasının ilkin təsnifat mərhələsini 22 xalla 10-cu pillədə başa vurub. Bernhard Raabın komandası doğma azarkeşləri qarşısında 11 oyuna çıxıb. 3 qələbə, 3 heç-heçə və 5 məğlubiyyətə imza atan “Sumqayıt” 10 qol vurub, qapısında isə 16 qol görüb. “Kimyaçılar” bu görüşlərdə 12 xal qazanıb.

Gənclik şəhərinin təmsilçisi səfərdə keçirdiyi 11 qarşılaşmada 2 qələbə, 4 heç-heçə və 5 məğlubiyyətə imza atıb. Bu oyunlarda 10 qol vurub qapısında 23 top görən “Sumqayıt” aktivinə 10 xal yazdıra bilib.

“Sumqayıt” Topaz Premyer Liqasında ən çox azarkeşə sahib olan klublardandır. Komanda evdəki görüşlərdə azarkeşlərinin dəstəyini demək olar ki, daim hiss edib. Klubun evdə keçirdiyi oyunları 37750 nəfər azarkeş izləyib. Bu göstərici səfərdəki oyunlarda 21 000 nəfərdir. Evdə “Qarabağ”, “Neftçi” və “Rəvan”la oyunlar ən çox qeydə alınmış görüşlər olub.

Həmin matçlara 8000 azarkeş toplaşıb. Evdə ən az tamaşaçı “Kəpəz”lə (150), səfərdə ən çox tamaşaçı “Turan”la (6000) və səfərdə ən az tamaşaçı isə AZAL ilə (200) matçlarda qeydə alınıb.

Arxada qalan 22 turda 10 ədalət təmsilçisi “Sumqayıt”ın oyunlarını idarə edib. Əyalət təmsilçisinin oyunlarına ən çox təyinat alan referi Elvin Əsgərovdur. Əsgərov 4 görüşdə baş hakim kimi Raabın komandasını meydana çıxarıb. Gənclik şəhərinin təmsilçisi onun idarə etdiyi görüşlərdə 6 xal toplamağı bacarıb.

Ölkə kubokuna 1/8 final mərhələdən start verən “Sumqayıt” səfərdə 200 tamaşaçı qarşısında “Bakı” ilə qarşılaşıb. Rauf Cabarovun idarə etdiyi görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsilə yekunlaşıb. “Sumqayıt”ın yeganə qoluna penaltidən Murad Hüseynov imza atıb.