Məlikovla İsayev Türkiyə mətbuatının diqqət mərkəzində
08.03.2013 - 04:18
Məlikovla İsayev Türkiyə mətbuatının diqqət mərkəzində
“Dənizlispor”un azərbaycanlı futbolçuları Rail Məlikovla Arif İsayev sağalaraq komandasının heyətinə qatılıblar. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz artıq Türkiyə PTT Birinci Liqasının 25-ci turunda “Rizəspor”la oyunda forma geyməyə hazır olduqlarını bildiriblər.

Onlar qardaş ölkənin “Hürriyet” qəzetinin diqqət mərkəzinə düşüblər. Belə ki, sözügedən qəzet Məlikovla İsayevin bir müddət öncə üzləşdiyi qrip epidemiyasından qurtularaq, komanda yoldaşlarına qoşulmasını diqqətə çatdırıb.

Futbolçularımız isə bununla bağlı fikirlərini ifadə edib: “Biz belə qriplə üzləşməmişdik. Addım atmağa halımız yox idi. Ancaq indi yaxşı vəziyyətdəyik. Baş məşqçimiz şans versə, “Rizəspor”a qarşı oynamaq istəyirik”.

“Hürriyet” qəzeti isə Raillə Arif haqında bunları qeyd edib: “Təxminən 10 gün əvvəl demək olar ki, komandanın yarısını əhatə edən qrip epidemiyası bu iki futbolçunu da yatağa saldı. 40 dərəcə istiliklə düz dörd gün xəstə yatan Məlikov Bolu səfərinə aparılmadı. Ayağındakı zədə səbəbindən üç həftə komandadan ayrı qalan İsayev də zədəsini sağaltmasına baxmayaraq, qrip qurbanı oldu və son anda Bolu səfərinə gedəcək heyətindən çıxarıldı. Ciddi müalicə nəticəsində sağlamlıqlarına qovuşan futbolçular “Rizəspor” matçında meydana çıxmaq üçün hazır olduqlarını ifadə ediblər”.