“Nə ağlamağa, nə də sevinməyə vaxtımız var” - MÜSAHİBƏ
08.03.2013 - 20:56
“Nə ağlamağa, nə də sevinməyə vaxtımız var” - MÜSAHİBƏ
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviçin apasport.az saytına müsahibəsi

- Klubun baş meneceri Zeynal Məmmədov müsahibəsində komandanın çox da yaxşı oyun sərgilmədiyini bildirib. Sizin münasibətinizi bilmək maraqlı olardı...
- Əlbəttə, hər kəsin öz fikri, baxışları müxtəlifdir. Amma komandamın necə oynadığını mən bilirəm. Növbəti mərhələyə adlamağa layiq idik. Futbolçularıma yaxşı oynadıqlarına, mübarizə apardıqlarına, sona qədər vuruşduqlarına görə təşəkkür edirəm. Hələ qarşıda oyunlarımız var. Azərbaycan kubokunda “İnter”lə oyunda hesab 1:1 olduqdan sonra mütləq qol vurmalı olduğumuzu başa düşürdük. Razılaşırsam ki, ikinci qolumuz kuryoz alındı.

- İlk oyundan sonra “Bakı”nın şansları aşağı dəyərləndirilirdi. Belə məqamda oyuna köklənmək çətin olmur?
- Xeyr, əksinə, qələbə qazanmaq üçün gəlmişdik. Futbolçularım ilk dəqiqələrdən pressinq tətbiq etməklə buna nail oldu. Rəqib son 10 dəqiqədə bizi təzyiq altında saxladı. Bu da başa düşüləndir. Çünki 2:2-dən sonra onlara mütləq qol vurmaq lazım idi. Ona görə də meydana hücumçular buraxdılar.

- Müdafiədə boşluqlara yol verirdiniz. Futbolçularınız çatdırmırdı, yoxsa gücləri bu idi?
- Bəli, səhvlərə yol verdik və bu səhvlər də bizə baha başa gəldi. Bunun üzərində işləməli və qarşısını almalıyıq.

- Qışda heyətə cəlb etdiyiniz Azərbaycan millisinin üzvlərindən bu gün heç birinə şans vermədiniz. Onlara nə vaxt güvənəcəksiniz?
- Çalışıram ki, komandam 1-2 futbolçudan asılı olmasın. Cavidlə Kamranın zədə ilə bağlı problemi var. Həm Rauf, həm də Cavid meydana çıxdıqları vaxt komandaya kömək ediblər. Kamranın zədəsi sağalana kimi, ona şans verəcəm. Yəni biz bir-iki futbolçudan asılı deyilik. Bütün futbolçular oynayacaqlar.

- Premyer Liqanın final mərhələsi start götürəcək. “Bakı” sonuncu pillədən başlayacaq. Nəyə ümid edirsiniz?
- Oyundan oyuna artıracağıq. Çempionatı hansı pillədə bitirəcəyimizi mayda biləcəyik. İndi isə mərhələ adlamağın keyfini yaşayırıq. Düzdür, nə ağlamağa, nə də sevinməyə vaxtımız var.

- Müəyyən nəticələr qazansanız da, “Bakı” oyun planında çox geri qalır. Əksəriyyət komandanın oyunundan narazıdır. Bunu düzəltmək üçün sizə nə qədər vaxt lazımdır?
- Bu gün biz hücum pressinqinə üstünlük veririk. Oyundan oyuna artırırıq. Bəxt insanın üzünə bir dəfə gülür. Əgər bu təkrarlanırsa, deməli işimizi düzgün görürük.