“Toşakla çox güclü “Xəzər Lənkəran”ın şahidi olacağıq” - MÜSAHİBƏ
09.03.2013 - 12:58
“Toşakla çox güclü “Xəzər Lənkəran”ın şahidi olacağıq” - MÜSAHİBƏ
AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasında ikinci “altılıq”da əsas rəqibiniz olan “Xəzər Lənkəran” baş məşqçi postuna məşhur uelsli mütəxəssis Con Toşakı gətirməklə diqqət mərkəzinə düşdü. Bu təyinatı necə qarşıladınız?
- Çox gözəl. Düzdür, hər bir işdə zamana ehtiyac var. Ancaq bu gün belə bir ünlü, tanınmış mütəxəssisin Azərbaycanda çalışmağı çempionatımızın bir az da zənginləşəcəyini göstərəcək. Toşak gəlişi ilə Premyer Liqamız bir az da rəng qatacaq və bundan da maraqlı çempionatımızın şahidi olacağıq. “Xəzər Lənkəran” rəhbərliyi uelsli mütəxəssisə ikinci “altılıq”da şans verəcək ki, komanda, Azərbaycan futbolu ilə tanış olsun. Hərçənd ən vacib məqsədlərdən biri ölkə kubokunun sahibi olaraq, Avropaya yola çıxmaqdır. Ancaq gələcəkdə hesab edirəm ki, hərtərəfli çox güclü bir “Xəzər Lənkəran”ın şahidi olacağıq.

- Siz beynəlxalq futbolla yaxından maraqlanan mütəxəssislərimizdənsiniz. Hələ millimizdə çalışdırdığınız dövrdə rəqib olduğunuz Toşak sizin üçün necə bir mütəxəssisdir?
- O, Uels yığmasında çalışarkən biz tanış idik. Deyə bilərəm ki, Toşakın Azərbaycana son səfəri də yadımdadır. Mütəxəssis demək olar çox gənc, perspektivli Uels yığmasını Bakıya gətirmişdi. O, həmin vaxt öz dəst-xəttini göstərən məşqçi olduğunu sübut elədi. Hesab edirəm ki, Toşak böyük bir şəxsiyyətdir. Ancaq Azərbaycan həqiqəti odur ki, şəxsiyyətdən asılı olmayaraq istəkdən çox şey asılıdır. Azərbaycan çempionatında qəbul edən komandanı özünə sığışdırmırsa, onda heç nə alınmayacaq. Toşak “Xəzər Lənkəran”a rəhbərlik etməyə razılıq veribsə, hər şeyi dərk edib, başa düşür. Məncə, onun çox maraqlı fəaliyyətini gözümüzün qabağında görəcəyik.

- Kardiffdəki həmin oyun sizin yadınızda necə qalıb?
- O, ən yaxşı oyunlarımızdan biri idi. Standart vəziyyətlərdən buraxdığımız qol və Giqqzin ustalıq səviyyəsi bir daha onu sübut elədi ki, lider olan bir komanda belə halları boşa buraxmayaraq, qələbə qazanır. Hesab edirəm ki, biz orda çox yaxşı təsir bağışladıq. Millimiz yetərincə qol epizodları yaratmışdı. Emin İmaməliyevin 2 metrdən topu boş qapıya vura bilməməyini də gözümüzün qabağına gətirirəm. Yəni güclü bir rəqibə qarşı mübarizə aparırdıq. Uels yığmasında Giqqz lider idi və bu gün “Xəzər Lənkəran” da liderlərə ehtiyac olan bir komandadır. Fikrimcə, Toşak transfer siyasətində də bunu həyata keçirməyə çalışacaq və gələn mövsümdə yeni bir “Xəzər Lənkəran” görəcəyik.

- Maraqlıdır, həmin vaxtdan çox keçsə də, Toşakın sizə dediyi hansısa sözü xatırlayırsınız?
- Biz hələ oyuna çıxanda, o, mənə uğurlar arzuladı. Təbii ki, biz həmkarlar olaraq hamımız bir-birimizə bunu edirik. Biz görüşəndən sonra ehtiyat oyunçular skamyasına tərəf getdik və oyunu idarə etməyə başladıq. Yadımdadır ki, oyundan sonra mətbuat konfranslarımızı tək-tək keçirdik və məndən öncə çıxış edən Toşak Azərbaycan milli komandasının layiqli oyun göstərdiyini demişdi. Mən əvvəl də demişəm ki, belə bir güclü mütəxəssislərin Azərbaycanda çalışmağı futbolumuza ancaq və ancaq xeyir verə bilər.

- Necə hesab edirsiniz, Toşak AZAL-la çempionatda üzləşəndə, sizi xatırlayacaqmı?
- O, məndən sonra ayrı-ayrı mütəxəssislərlə, Berti Foqtsla 2 dəfə üzləşib. Toşak bəlkə də bizi tanımasa da, Azərbaycan futbolunu yaxşı tanıyır. Ən vacibi budur. O, razılıq verəndə başa düşür, bilirdi ki, hansı ölkəyə gəlir. Bəlkə də çox vacib rol oynayan o idi ki, Toşak hər dəfə Azərbaycan yığması ilə üzləşəndə gərgin oyunların şahidi olub. O, bizim futbolun səviyyəsinə bələddir. Hesab edirəm ki, bu, Toşaka güclü olan milli çempionatımızda fəaliyyət göstərməyə, nəyə qadir olduğunu da nümayiş etdirə bilməyinə imkan verir.

- Taleyin işinə bax, vaxtilə siz milli komandaların seçmə mərhələsində rəqib idiniz, indi sə milli çempionatınızda üzləşəcəksiniz...
- Çox maraqlı bir şeydir. Görürsünüz, çarx fırlanır. Hər birimizə çox maraqlı olar ki, Toşaka rəqib kimi meydançada özümüzü göstərək. Hər bir məşqçi Toşaka qarşı komandasını yaxşı hazırlamağa çalışacaq. “Xəzər Lənkəran” bu mütəxəssisi gətirməkdə Azərbaycan futboluna bir az da rəng qatacaq.

- Sizcə, Toşakın zəngin karyerasında çoxlu uğurlarından sonra Azərbaycanda işləmək, nəticə qazanmaq asan, yoxsa çətin olacaq?
- Asan heç nə olmayacaq. Məşqçinin işidir ki, harada işləməyindən asılı olmayaraq gəldiyi komandaya lazımlı olduğunu sübut eləməlidir. Hərçənd ən titullu məşqçilərdən biri də bu gün Premyer Liqamızda çalışacaq. Ancaq hər bir rəqibə qarşı oyunda Con Toşak olduğunu və “Xəzər Lənkəran”ın düzgün yolda olduğunu sübut etməyə çalışmalıdır.

Mehman SÜLEYMANOV