“Xəzər Lənkəran”ın belə səviyyəli mütəxəssislə anlaşacağını gözləmirdim”
09.03.2013 - 15:17
“Xəzər Lənkəran”ın belə səviyyəli mütəxəssislə anlaşacağını gözləmirdim”
“Açığı, ”Xəzər Lənkəran”ın yeni baş məşqçisinin Con Toşak olacağını gözləmirdim. Yalandan durum deyim ki, gözləyirdim, bu, düzgün çıxmaz”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib. Lənkəranlılar cari mövsümə başladığı bu mütəxəssislə hələ noyabrda yollarını ayırdı. Hüseynovu əvəzləyən ispaniyalı həmkarı Karles Martorell Bakesin fəaliyyəti isə daha qısa müddətli oldu ki, onun istefasından sonra baş məşqçi postuna uelsli Con Toşak gətirilib.

Hüseynov üçün də bir çoxları kimi bu təyinat sürpriz olub: “Xəzər Lənkəran”ın belə dünya səviyyəli mütəxəssisə baş məşqçi postuna gətirəcəyi mənim üçün gözlənilməz oldu. İstənilən halda, Toşaka uğurlar arzulayıram. O, tanınmış məşqçidir, nəsə edəcək. İnanıram ki, nəticə qazana biləcək. Hər halda, Toşak elə-belə məşqçi deyil və onun istədikləri həyata keçiriləcək. Baş məşqçinin nəticə qazanmağı üçün bu vacibdir. Toşak da bunun qarşılığında yerinə yetirməli olduğu vəzifəni həyata keçirməlidir”.

Qeyd edək ki, Hüseynov ötən mövsüm çempionatımızın gümüş medalını qazandırdığı “Xəzər Lənkəran”ın 9 illik tarixinə qitə miqyaslı turnirdə ilk dəfə mərhələ adlayan baş məşqçi kimi düşüb.

Mehman SÜLEYMANOV