Siftə yenə “Xəzər Lənkəran”dan gəldi
09.03.2013 - 16:39
Siftə yenə “Xəzər Lənkəran”dan gəldi
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak Azərbaycan futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 64 yaşlı mütəxəssis futbolumuzda Uelsin ilk təmsilçisi olacaq.

Belə ki, bunadək Azərbaycanda, 21 illik tarixi olan milli çempionatımızda bu ölkədən nə futbolçu, nə də məşqçi yer alıb. Ümumiyyətlə, Uelsin daxil olduğu Böyük Britaniyadan ölkəmizdə az futbol adamı çalışıb. Yeganə baş məşqçi ingiltərəli Toni Adams olub ki, “Arsenal”ın sabiq kapitanı 2010-cu ilin mayından 2011-ci ilə kimi “Qəbələ”ni çalışdırıb.

O, köməkçisi kimi İngiltərə yığmasının digər keçmiş müdafiəçi Qari Stivensi birgə gətirmişdi. Sadəcə, Stivens Adamsın ailə səbəbindən istefa verməsindən sonra bir müddət də “Qəbələ”də işlədi. Həmin vaxt bu klubda bir sıra ingiltərəli mütəxəssisin çalışdığını qeyd edə bilərik.

Britaniyalı futbolçulara gəlincə, burada da siftə “Qəbələ”dən olub. Belə ki, Adamsın dəvət etdiyi Şotlandiya yığmasının sabiq qapıçısı Qrem Smit 1 ildən sonra ölkəmizdən getdi. 2009/10 mövsümünün II yarısında isə “Neftçi”də irlandiyalı müdafiəçi Jozef Hendrik forma geyib.

Lənkəran klubunun tarixində bunadək olan baş məşqçilərdən rumıniyalı Mirça Redniklə ispaniyalı Karles Martorell Bakes də öz ölkələrinin Azərbaycanda işləyən ilk çalışdırıcıları olub. Özü də onlar hələ ki yeganədirlər.

Cənubluların digər əcnəbiləri baş məşqçilərindən 2-si türkiyəli – Rasim Kara ilə Cüneyt Biçərdir. Onlara qədər ölkəmizdə ilk türkiyəli baş məşqçi hələ 2001-ci ildə “Turan”a gələn Naci Şensoydur. “Xəzər Lənkəran”dan ukraynalı çalışdırıcısı Viktor Pasulkoya qədər isə onun Azərbaycanda baş məşqçisi kimi ilk həmyerlisi 2004-cü ildə “İnter”ə gələn Anatoli Konkovdur.

Mehman SÜLEYMANOV