Bir-birini əvəzləmə, yaxud Lənkərana “Beşiktaş”dan 2-ci baş məşqçi
09.03.2013 - 17:03
Bir-birini əvəzləmə, yaxud Lənkərana “Beşiktaş”dan 2-ci baş məşqçi
“Xəzər Lənkəran”ın ilk və son əcnəbi baş məşqçisi arasında maraqlı bağlılıq var. Apasport.az saytının məlumatına görə, komandanın debüt mövsümündə ilk dövrədə rəhbərlik etmiş türkiyəli Rasim Kara ilə yeni təyinatı gerçəkləşən uelsli Con Toşak vaxtilə “Beşiktaş”ın baş məşqçisi olub. Özü də ən maraqlısı odur ki, onlar bir-birini əvəzləyib.

Belə ki, Kara futbolçu karyerasının böyük hissəsini keçirdiyi “Beşiktaş”ı 1996-cı ildən 1997-ci ilə kimi çalışdırıb. 63 yaşlı mütəxəssis komandanı 34 oyuna çıxararaq, bunun 22-də qalib gəlib, 8-də heç-heçə edib, 4-də məğlub olub.

Keçmiş qapıçı gedəndən sonra onun yerinə gətirilən Toşak 1999-cu ilə kimi postunda olub. Uelsli çalışdırıcının hesabında 55 matç var ki, bunun 26-da qələbə, 15-də heç-heçə, 14-də məğlubiyyət qeydə alınıb. 64 yaşlı mütəəxəssis 1998-ci ildə istanbullularla Türkiyə kuboku və Cümhuriyyət kubokunu qazanıb.

Maraqlıdır ki, Toşakdan sonra istanbulluların baş məşqçi postuna gələn də bizlərə yaxşı tanışdır. Söhbət 2005-ci ildə qısa müddətdə “Karvan”ı çalışdırmış türkiyəli Fuad Yamandan gedir. Onun “Beşiktaş”da da fəaliyyəti az olub. Belə ki, komandanı cəmi 3 oyuna çıxaran, bunun 2-də qalib gəlib, 1-də uduzan Yaman tezliklə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Kara 2 dəfə çalışdırdığı lənkəranlılara ilk mükafatını - 2005-ci ildə çempionatımızın gümüş medalını qazandırıb.

Mehman SÜLEYMANOV